Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT Parlament Assambleyası dövlətlərdə olan siyasi proseslərlə bağlı müxtəlif rəylər verirlər. Ancaq Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRK PA) nədənsə türk dövlətlərində, eləcə də regionda baş verən siyasi proseslərlə əlaqədar hər hansı münasibət bildirmir.
Mövzu ilə bağlı Modern.az-a danışan TÜRK PA üzvü, millət vəkili Nizami Cəfərov qeyd edib ki, bütün beynəlxalq təşkilatlar kimi TÜRK PA-nın nizamnaməsində də rəy vermək səlahiyyətlərinin olduğu göstərilir.
“Beynəlxalq təşkilatlar hansı sahələrdə fəaliyyət göstərə bilərlərsə, bu, TÜRK PA-ya da aiddir”.
N. Cəfərovun sözlərinə görə, AŞPA VƏ ATƏT PA-nın müəyyən formalaşmış tarixi olduğundan rəy verməkdə çətinlik çəkmirlər: “TÜRK PA isə hələ gəncdir. Ona görə də müəyyən qədər ehtiyatla hərəkət edir. Bundan əlavə Türkmənistan, Özbəkistan kimi türk dövlətləri TÜRK PA-nın işində iştirak etmirlər. Bu da tələb edir ki, tədricən təşkilat formalaşsın”.
Deputat vurğulayıb ki, digər təşkilatlar daha çox qərəzli mövqe sərgiləyirlər: “AŞPA və ATƏT bəzən funksiyalarını yerinə yetirərkən konyukturadan qorxmurlar. Yeri gələrsə, hər hansı qüvvənin xeyrinə, digərinin ziyanına hərəkətlər edirlər və bundan çəkinmirlər. Diplomatik manevrlər onların tarixində var. Ona görə də yeri gəldi-gəlmədi məsələlər haqqında fikir bildirirlər”.
Millət vəkili söyləyib ki, TÜRK PA da gələcəkdə AŞPA və ATƏT PA kimi prosesləri şərh edəcək. N. Cəfərovun sözlərinə görə, digər beynəlxalq qurumlardan fərqli olaraq TÜRK PA möhkəmlənmək üçün obyektivliyə üstünlük verir: “Ancaq istənilən şəkildə manevr etmək TÜRK PA-nın da səlahiyyətindədir. Yeri gəlsə, qurum öz xeyrinə müəyyən iddialar irəli sürə bilər. Bugünkü dünyada konyukturasız keçinmək mümkün deyil”.
Aqşin Kərimov