Modern.az

Bakı Polis İdarəsinin nöqsanları nazirin yanında sadalandı

Bakı Polis İdarəsinin nöqsanları nazirin yanında sadalandı

23 Yanvar 2014, 18:40

Yanvarın 23-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində  2013-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Modern.az DIN mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

O deyib ki, hesabat dövründə Bakı şəhərində ümumən 10.524 cinayət hadisəsi qeydə alınıb,  onların  82,9%-i (8.714) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,1%-i (1810) isə ağır və xüsusilə ağır növ cinayətlər olub.  

Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və həyata keçirilməsi sayəsində əvvəlki illə müqayisədə şəxsiyyət əleyhinə törədilən cinayətlər  28,9% (2.468-dən 1.754-dək), adam öldürməyə cəhdlər 35,3% (34-dən 22-dək), soyğunçuluqlar 17,2% (209-dan 173-dək), dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,5% (111-dən 66-dək), avtonəqliyyat vasitələrinin oğurluğu 16,7% (30-dan 25-dək), mal-qara oğurluqları 28,6% (49-dan 35-dək), xuliqanlıqlar 2,2% (602-dən 589-dək) azalıb, ağır növ cinayətlərin açılması 0,8% (78,9%-dan 79,7%-dək), o cümlədən qəsdən adam öldürmə cinayətlərinin açılması 1,7% (94,9%-dən 96,6%-dək), quldurluqların açılması 1,9% (79,7%-dən 81,6%-dək)  yaxşılaşıb, qeydə alınmış 15 hədə-qorxu ilə tələb etmə cinayətlərinin hamısı açılıb, ümumi cinayətlərin 74,4%-nin,  şəxsiyyət əleyhinə törədilən cinayətlərin isə  92,6%-nin açılması  təmin  olunub.

Məqsədyönlü tədbirlər nəticəsində qanunsuz saxlanılan 48 odlu silah, o cümlədən 7 avtomat, 26 tapança, 15 tüfəng və xeyli sayda sursat götürülüb, odlu silahlardan 28-i əməliyyat yolu ilə aşkar edilib. Dövriyyədən 191 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Cinayət işlərinin istintaqının və təhqiqat araşdırmalarının qanunvericiliyə uyğun şəkildə aparılması, yol təhlükəsizliyinin nümunəvi təmin olunması, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, onların qəbulunun keçirilməsi və xidməti fəaliyyətin digər önəmli sahələrində də kifayət qədər işlər görülmüş, müsbət nəticələr əldə edilib.

Baş İdarənin rəisi mövcud nöqsanları və onların aradan qaldırılması üzrə qarşıda duran vəzifələri də diqqətə çatdırıb.

 Məruzəətrafı çıxışlarda struktur qurumlarının və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, eyni zamanda, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görəcəklərini bildiriblər.

 Əməliyyat müşavirəsinə yekun vuran nazir, general-polkovnik Ramil Usubov əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirmiş,  müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını məmnunluqla vurgulayıb.

 Daxili işlər naziri müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB