Modern.az

Azər Həsrət: “Mətbuat Şurasının internet komissiyası hələ tam formalaşmayıb”

Azər Həsrət: “Mətbuat Şurasının internet komissiyası hələ tam formalaşmayıb”

24 Yanvar 2014, 11:24


“Mətbuat Şurasının internet komissiyası hələ tam formalaşdırılıb başa çatmayıb. Hazırda əsasən xarici ölkələrdəki təcrübənin öyrənilməsi istiqamətində işlər gedir”. Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının internet mediası üzrə komissiyasının üzvü Azər Həsrət deyib.

Onun sözlərinə görə ,əsasən online medianın özünütənzimləməsi prioritet məsələlərdəndir:   “Hazırda Mətbuat Şuralarının Media Şuralarına çevrilməsi prosesi başlayıb. Yəni müzakirələr əsasən bu yöndədir. Çünki ənənəvi çap mediası getdikcə mövqelərini itirməkdə, TV və radiolar belə internet üzərinə keçməkdədir. Bu isə onlayn media müstəvisinin genişlənməsinə səbəb olur. Təbii ki, müstəvi dəyişməkdə olduğu üçün oyun qaydaları da dəyişir. İndi qərb ölkələrində artıq sadəcə mətbuatın özünütənzimləməsi deyil, onlayn medianın özünütənzimləməsi məsələləri müzakirə edilir. Bunlardan da ən öndə gələn məsələ onlayn etikadır ki, biz də o təcrübəni öyrənirik. Müzakirələr də keçirilir. Ötən il də Mətbuat Şurasında bu yöndə ictimai müzakirələr təşkil edilmişdi. Təbii ki, bu il ərzində də həmin işlər davam etdiriləcək. Bəzi məsələlər tam həllini tapmadığı üçün açıqlanmır. Yəni işləri bitirmədən açıqlamağı yanlış sayırıq”, – deyə A. Həsrət qeyd edib.  

Misranə Həsənzadə
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB