“Leyla Yunusun siyasi məhbuslarla bağlı elan etdiyi siyahının dəqiqliyi böyük şübhə doğurur. Yüzdən çox insan barəsində məlumat toplamaq və sistemləşdirmək bir insanın gücündə deyil. Digər tərəfdən, Leyla Yunusun bunu hansı kollektivlə və nə dərəcədə professional hüquqşünaslarla tərtib etdiyi də məlum deyil və o bunu heç zaman açıqlamır”.
Modern.az xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib. O, Sülh və Demokratiya İnstitutunun rəhbəri L. Yunusun Azərbaycanda siyasi məhbuslarla bağlı verdiyi hesabata münasibət bildirərkən qeyd edib ki, mübahisəli məqamlar çoxdur:
“Onun elan etdiyi insanların hansı hüquqi əsasa görə siyasi məhbus və vicdan məhbusu hesab edilməsinin özü də kifayət qədər mübahisəli məsələdir. Çünki siyasi məhbus əqidəsinə, vicdan məhbusu isə dini baxışlarına görə həbsdə olan insanlar sayılır. Azərbaycanda isə hələ heç kim bu iki motivə görə həbs edilməyib. Ona görə də ilk baxışdan onun iddiası əsassız hesab edilir”.
A. Mirzəzadə əlavə edib ki, məhbus məhkəmənin qərarı ilə həbs cəzası olan insanlara deyilir: “Leyla Yunus haqqında tədqiqat, istintaq gedən insanları da məhbus kimi təqdim edib. Bu isə heç bir hüquqi standartlara uyğun gəlmir.
Bundan əvvəl də Leyla Yunus müəyyən siyahı tərkib etmək üçün cəhd edirdi. Sonradan məlum olurdu ki, bu siyahılar onun öz təşəbbüsü ilə deyil, Avropanın bəzi ölkələrinin və maliyyə mənbələri şübhəli olan müəyyən fondların maliyyə sifarişi ilə tərtib olunub. Göründüyü kimi, bu artıq insanların hüququnun müdafiəsi deyil, xaricdən verilən qrantın qorunmasının müdafiəsidir.
Bir qayda olaraq Leyla Yunusun tərtib etdiyi siyahılar digər insan hüquqlarını müdafiə təşkilatlarının nümayəndələri tərəfindən etirazla qarşılanır. Onlar bu siyahının subyektiv amillər əsasında, siyasi maraqlara görə tərtib edildiyini bildirirlər. Leyla Yunus isə bu ittihamların heç birinə cavab vermir, çünki, polemikaya, şəxsi iddialarını əsaslı arqumentlərlə müdafiə etməyə hazır deyil”.
Qeyd edək ki, L.Yunus Azərbaycanda 134 siyasi məhbus olduğunu söyləyib.
Aqşin Kərimov