“Maliyyə problemləri daha da ağırlaşıb. Yayıma qadağa qoyulması ilk növbədə qəzeti sıradan çıxarmaq üçündür. Çünki “Azadlıq” qəzeti dövlət dəstəyindən də məhrum edildi. Burada başlıca hədəf bizik”. Bunu Modern.az-a açıqlamasında “Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev bildirib.
Onun sözlərinə görə, gəlir mənbələrindən məhrum olmaları maliyyə vəziyyətlərini daha da çətinləşdirib: “Başlıca gəlir mənbələrimizdən KİV-ə Dövlət Dəstəyi Fondu layihəsi çərçivəsində gələn vəsait və metroda satış idi. Metroda satışı qadağan elədilər. Dövlət dəstəyi də dayandırıldı. “Qasid” firması da pulumuzu vermir. Başlıca borcumuz “Azıərbaycan” nəşriyyatınadır. Dekabrın 15-dən sonrakı dövr üçün əməkdaşlarımıza 1 manat da olsun maaş ödəyə bilməmişik”.
“Yeni Müsavat” qəzeti də oxşar problem yaşayır. Baş redaktor Rauf Arifoğlu: “Maliyyə vəziyyətimiz böhranlıdır. Bunun səbəbi satışdan gələn pulların artıq gəlməməsidir. Çünki əl yayımı səyyar satış da daxil olmaqla metro stansiyalarında satışın qadağan olunması səbəbindən bizim tiraj bir neçə min əskik satılır. Üstəlik də məhkəmə borclarımız var. Ona görə də məhkəmə iclasları ilə problem yaşayırıq”.
Misranə Həsənzadə