Azərbaycanda ötən il keçirilmiş qəbul imtahanlarında "2", "4" və "5" qiymət alanların faizi artıb, "3" qiymət alanların faizi isə azalıb. Bunu yanvarın 28-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib
TQDK sədrinin sözlərinə görə, ötən il qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin 65 faizi imtahandan "2", 13.8%-i "3", 15.7%-i "4", 5.6%-i isə "5" qiymət alıb. 2012-ci ildə bu göstəricilər müvafiq olaraq 64.7%, 15.1%, 15.5%, 4.8% olub.
“Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramına nəzər salsaq, görərik ki, qəbul olanların 27.7%-ni "3", 41.3%-ni "4", 14.8%-ni isə "5" qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər uyğun olaraq 29.3%, 43.6%, 13.7% olub".
M.Abbaszadə bildirib ki, 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituruiyentlərin isə 22%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olananlardır.
TQDK sədri ötənilki qəbul imtahanlarında aşağı nəticə göstərmiş rayon və şəhərlərin adlarını açıqlayıb. Deyib ki, Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyent lərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
M.Abbaszadə deyib ki, orta məktəbi "5" qiyməti ilə bitirən məzunların yalnız 42.26 faizi attestat qiymətlərini doğrulda bilib: "Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".
Aytən Əliyeva