Modern.az

Politoloq: “Radikal dini qruplaşmaların Azərbaycanda dəyişiklik etməyə gücü yoxdur”

Politoloq: “Radikal dini qruplaşmaların Azərbaycanda dəyişiklik etməyə gücü yoxdur”

29 Yanvar 2014, 16:29

 
Müsəlman ölkələrində hakimiyyət dəyişikliyi zamanı radikal dini qruplaşmalar dərhal siyasi arenaya atılırlar. Misirdə və Suriyada bunun şahidi olduq. Adı çəkilən ölkələrdə müxalifət  qüvvələri bir kənarda qaldı, dini qruplaşmalar vəziyyətə asanlıqla ələ ala bildi. Hətta belə qruplaşmalardan “Əl Qaidə” kimi terror təşkilatları da istifadə edir. Qərb dairələri də müsalman ölkələrindəki inqilablar zamanı dini qruplaşmaların ortaya çıxmasını narahatlıqla qarşılayır. Çünki vəziyyət idarə olunmaz hala gətirib çıxarır.

Azərbaycanda da bu cür dini təmayüllü qurumlar var və onlar vaxtaşırı çağırışlar edirlər.

Bəs, gələcəkdə Azərbaycanda dəyişiklik olarsa, bu cür radikal qrupların siyasi arenaya gəlməsi gözləniləndirmi?

İlahiyyatçı-ekspert Elşad Miri Modern. az saytına Azərbaycanda da belə hadisələrin gözlənilən olduğunu bildirib: “Türkiyədə baş verənlər göstərdi ki, Azərbaycanda da belə hadisələr baş verə bilər. Bu, hər yerdə gözlənilən bir nəticədir. Deyilənlər Amerikaya, Fransaya, Türkiyəyə, Azərbaycana və başqa ölkələrə aid edilə bilər. Faktiki dünyada baş verən proseslər bunu göstərir. Sadəcə olaraq, bundan düzgün istifadə etmək lazımdır ki, onlar dövlətə qarşı deyil, dövlətlə birlikdə hərəkət edən bir qurum olsunlar”.

Azərbaycanın sabiq baş naziri, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, Azərbaycanda belə hadisələr baş verə bilməz: “Dini inanclardan, şüarlardan siyasi vasitə kimi istifadə etmək doğru deyil. Azərbaycanı ərəb ölkələri ilə müqayisə etmək olmaz. Orada məzhəb davası qızışdırıldı. Bu, müəyyən qüvvələr tərəfindən edildi. Din ozü-özlüyündə bir subyektdir. Amma siyasi məqsədlər üçün dini şüarlardan istifadə etmək istəyən qüvvələr mövcuddur. Bu qüvvələr, artıq beynəlmiləlləşiblər, təşkilatlanıblar. Hər yerdə situasiya yarandıqda müəyyən bir rol ala bilirlər. Sözün doğrusu, Azərbaycanda bu cür şəraitin olmasını düşünmürəm. Ölkədə ciddi demokratik ənənələr var və siyasi vəziyyət o qədər inkişaf edib ki, Azərbaycan adı çəkilən ölkə kimi ola bilməz”.

Politoloq Zərdüşt Əlizadə Azərbaycanda belə qüvvələrin zəif olduğunu qeyd edib: “Siyasət dinc səsvermə, mitinq və təşkilatlanmadır. Dini radikallar bu cür işlərlə məşğul olmurlar. Adətən, onlar gizli təşkilatlar yaradırlar, terror  aktları və sui-qəsdlər hazırlayırlar. Onlar Azərbaycanda leqal siyasətə qoşulmayacaqlar, aktivləşsələr də, bir şey edə bilməzlər. Çünki onların buna gücü çatmaz. Hakimiyyəyin siyasəti ölkədə radikal dini qruplaşmaların yaradılmasına rəvac verib. Amma bu qruplaşmaların ölkədə dəyişiklik etmək kimi gücləri yoxdur”.

İlkin Pirəli

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU