Müdafiə Nazirliyində Tovuzun Əlibəyli kəndində tutulan erməni kəşfiyyat-diversiya qrupunun bələdçisi Xocayan Mamiko Tiqranoviç barədə araşdırmalar davam edir.
Modern.az saytı erməni əsirin dindirilməsi ilə bağlı Müdafiə Nazirliyinə sual ünvanlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, diversiya qrupunun üzvü ilə bağlı ötən gün açıqlanan bəyanat qüvvədə qalır. Yəni Xocayan Mamiko Tiqranoviç erməni kəşfiyyat-diversiya qrupunun üzvü olması təsdiqlənib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi də erməni əsirlə bağlı növbəti açıqlama verib. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az saytına bildirib ki, hazırda təmsil etdiyi qurum əsirlə görüşmək üçün lazımı addımlar atır.
“Qızıl Xaç Komitəsi erməni əsirlə görüşə nail olmaq üçün öz mandatına uyğun olaraq əlaqədar təşkilatlarla dialoq aparır”-deyə qurum rəsmisi qeyd edib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan nümayəndləyinin proqram rəhbəri Zara Amatuni də Xocayanla bağlı açıqlama verib. “Biz öz tərəfimizdən Bakıdakı həmkarlarımıza daimi əlaqədəyik”. Onun sözlərinə görə, Qırmızı Xaçın Bakı nümayəndəliyindən erməni vətəndaşının saxlanması barədə təsdiq etdikdən sonra Mamiko Xocayanla əlaqə saxlanılacaq.
Aqşin Kərimov