Bu gün Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, mətbuat konfransı ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunub. Konfransda Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, İqtisad Universitetinin prorektoru Damət Bağırov, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Asəf Hacıyev, Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Nəsimi Qasımov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov, Təhsil Nazirliyinin elm-ali tədris şöbəsinin müdiri Yaqub Piriyev iştirak edirlər.
Çıxış edən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, 2013-cü il dekabrın 25-dən bu günədək “qaynar xəttə” 2789 zəng daxil olub.
Nazirlik rəsmisi qeyd edib ki, daxil olan müraciətlər məlumat və şikayət xarakterli olub. Şikayət xarakterli müraciətlər diplomların gecikməsi, təhsil haqqı, müxtəlif ixtisaslarla bağlıdır.
Namidə Bingöl