“Demək olmaz ki, müraciətlər artıb. Çünki adi günlərdə də çağırışlar çox olur. Bu gecə 1600-dən çox çağırışımız olub”. Bunu Modern.az-a Təcili Tibbi Yardım Stansiyasının operativ şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.
“Ən ağır 134 nəfər xəstə xəstəxanalara yerləşdirilib. 2 avtonəqliyyat hadisəsi baş verib. Axşam saat 22:23-də “Sədərək” yarmarkası yaxınlığındakı dairəvi yolda qəza olub. Bir nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gecə saat 2-də Binəqədi rayonundakı stansiyaya bir nəfər gətirilib. Onu maşın vurub. Həmin xəstəni Travmatalogiya İnistitutuna yerləşdirmişik. Bundan başqa, bir bıçaqlanma hadisəsi olub. Ər 28 yaşlı arvadına xəsarət yetirib. O hadisə Binəqədidə olub”.
Həkimin dediyinə görə, dəm qazı zəhərlənməsi ilə 8 nəfər müraciət edib:
“5 nəfərin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Əhaliyə telefonla çox məsləhətlər verilib. Nəzarətsiz heç bir xəstə qalmayıb. Səhər saatlarında bir nəfər qadın 3-cü mikrorayon dairəsində yıxılaraq xəsarət alıb. Telefonla müraciət edib. Həmin xanımın dalınca xüsusi təyinatlı maşın göndərmişik. Çünki evi elə bir yerdədir ki, adi təcili tibbi yardım maşını ora qalxa bilməz. Həmin yer tamamən buz bağlayıb. Xüsusi təyinatlı maşın hər bir hündürlüyə qalxa bilir, sürüşməyə davamlıdır. Qış ayları üçün nəzərdə tutulub. Təcili Tibbi Yardım stansiyası istənilən hava şəraitinə hazırdır”.
Gülşən Raufqızı