Yanvarın 31-də prokurorluq orqanlarında vakant olan 100 ştat vahidinin layiqli gənc kadrlarla komplektləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən sayca 13-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.
Baş Prokurorluğun Müsabiqə Komissiyası imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə təşkil edib. Prokurorluq orqanlarında işləmək arzusunda olan 360 gənc hüquqşünasın iştirakı ilə saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri də müşahidə edib. İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları TQDK-da yoxlanılıb və müsabiqənin ikinci mərhələsi - yazılı imtahanda 105 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilib. Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) internet saytlarında yerləşdirilib.