Modern.az

Rəsul Quliyev: “Bişkek protokolu”nun heç bir hüquqi qüvvəsi yoxdur”

Rəsul Quliyev: “Bişkek protokolu”nun heç bir hüquqi qüvvəsi yoxdur”

1 Fevral 2014, 11:45


“Bişkek protokolu”nun heç zaman hüquqi qüvvəsi olmayıb. Bu protokol ölkələr arasında müqavilə sazişi deyil, sadəcə olaraq təklifdir”. Bunu Modern.az saytına keçmiş spiker Rəsul Quliyev deyib. O, Azərbaycanla Ermənistan arasında 1994-cü ilin may ayında atəşkəsə dair imzalanan sənədin mahiyyətini şərh edib. Sabiq parlament sədrinin sözlərinə görə, sözügedən müqavilə təklif xarakterli olub. “Anlamaq üçün sadə bir misal gətirim. Məsələn, 10 deputat yığışıb 3 rayonu birləşdirib bir rayon yaratmaq təklifini verir. Bu təklifə baxa da bilərlər, baxmaya da. Bu təklifin heç bir hüquqi qüvvəsi yoxdur. Əgər bu təklifə baxılsa və hökumət onu qəbul etsə, o zaman qanun hüquqi qüvvəyə malik ola bilər”.

Atəşkəs sənədinə imza atan şəxslərdən biri olan keçmiş spiker qeyd edib ki, atəşkəs sazişi “Bişkek protokolu”na görə yox, Azərbaycan hökuməti ilə Ermənistan hökumətinin 1994-cü ilin may ayında imzaladığı və avqust ayında bir daha təsdiq etdiyi müqavilə əsasında qüvvəyə minib. “Məsələn, Azərbaycan hakimiyyəti neftlə əlaqədar onlarla kampaniya və hökumətlərlə protokol imzalayıb. Ancaq heç bir müqavilə bağlamayıb. O protokolların bir əhəmiyyəti ola bilərmi? Xeyr!-deyə R. Quliyev müqayisə edib.

Qeyd edək ki, “Bişkek protokolu” Azərbaycan tərəfindən 1994-cü il mayın 8-də imzalanıb. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İcra Hakimiyyəti başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində Karen Baburyan imza atıblar.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU