Martın 2-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. İmtahanda 23 nəfər maksimum - 300 bal toplayıb. Ən yüksək bal toplayanlardan 13 nəfəri Bakı məktəblisidir.
300 bal toplayan şagirdlərdən biri Rəhim Fərəczadədir.
Bakı şəhəri 68 saylı orta məktəbin şagirdi Modern.az-a açıqlamasında bildirib ki, əslində 300 bal gözləmirdi.
“Özümdən yüksək nəticə gözləyirdim, 300 bal toplamağı çox gözləməsəm də özümə inanırdım. Bu nəticəni görəndə də məni çox sevindirdi”, - o deyib.
Şagird imtahana hazırlıq prosesinin çətin keçdiyini qeyd edib: "Əsas da hazırlığın ilk başlanğıcı mənim üçün çətin keçdi. Ondan sonrakı dövrdə də davamlı olaraq ancaq dərs oxumalı idik".
Rəhim I ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşır və Bakı Ali Neft Məktəbində kompüter mühəndisliyi ixtisasında oxumaq istəyir.
Müsahibimiz bildirib ki, yüksək nəticə göstərmək üçün qarşıya məqsəd qoymaq lazımdır: “Abituriyentlər qarşısına məqsəd qoymalı, çox əziyyət çəkməli və ən əsası heç vaxt ümidini itirməməlidir”.