Modern.az

“Suriyaya gedən muzdlu azərbaycanlılara qarşı cinayət işinin açılması çox çətin məsələdir”

“Suriyaya gedən muzdlu azərbaycanlılara qarşı cinayət işinin açılması çox çətin məsələdir”

Təhsil

3 Fevral 2014, 15:59

Bu gün Milli Məclisin plenar iclasında Milli Məclisin spikeri Oqtay Əsədov Suriyada gedən döyüşlərdə muzdlu azərbaycanlıların vuruşması məsələsindən danışarkən problemin ölkə üçün ciddi olduğunu və gedənlərin qarşısının alınmasının vacibliyini deyib.
Deputat Zahid Oruc isə məsələnin təhlükəliliyini nəzərə alaraq, lazımı addımların atılmasınıı, qanunvericiliyin sərtləşdirilməsini, Suriyaya gedənlərlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılmasını və onlar barəsində cinayət işinin açılmasının təklif edib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə hesab edir ki, Suriyaya gedən Azərbaycan vətəndaşlarına yalnız qanunsuz silahlı birləşmələrdə iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Onun sözlərinə görə, onları dəvət edən tərəf qanuni, legitim hakimiyyəti təmsil etmir. Lakin hər halda onların toplanması müəyyən məsuliyyət yaradır.

“Düşünürəm ki, Cinayət Məcəlləsinin normalarından istifadə etmək olar. Amma gələcəkdə cinayət tərkibini daha da konkretləşdirmək mümkündür. İnsanların getməsi, toplanması, toplanmasını təşkil etməyə görə və ya əvvəlcədən əlbir olma ilə bağlı Cinayət Məcəlləsinə yeni maddələr əlavə etmək olar”.

Hüquqşünas Modern.az-a açıqlamasında bunu da əlavə edib: “Yadıma gəlir ki, oxşar məsələ ilə əlaqədar vaxtilə Dağlıq Qarabağda erməni silahlı qüvvələri tərəfindən dünyanın müxtəlif ölkələrindən muzdlu insanlar toplanırdı. O vaxt Azərbaycan tərəfi bu məsələlərlə əlaqədar geniş müzakirələr açmışdı və bu şəxslərin hərəkətinin cinayət məsuliyyəti yaratdığını demişdi”.

Əsas problemin vətəndaşlarımızın üçüncü ölkədə vuruşması olduğunu deyən Əliməmməd Nuriyev Azərbaycanın Cinayət Məcəlləsində əcnəbi ölkədə cinayət törətmiş insanların məsuliyyətə cəlb edilməsi ilə bağlı maddənin olduğunu söyləyib. Onun sözlərinə görə, hazırkı Cinayət Məcəlləsində həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar yoxdur.

“Bütün hallarda burada öldürülmə halları var. Yaxşı olar ki, daha konkret tərkiblər müəyyənləşsin. Çünki mövcud qanunvericilik belə halları tam sona qədər tənzimləmir. Qanunvericilikdə analogiya yol verilmədiyi üçün Cinayət Məcəlləsinə bu hərəkətləri özündə ehtiva edən yeni maddələrin daxil edilməsi vacibdir. Bu məsələ çox mürəkkəbdir. Onları toplayanlar kimlərdir, həqiqətənmi onlar muzdla cəlb olunur və s? Hesab etmirəm ki, Cinayət Məcəlləsində bu məsələlər sona kimi, ətraflı izah edilir. Hazırkı şəraitdə Suriyaya gedənlərə cinayət işinin açılması çox çətindir və mürəkkəbdir”.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU