“El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın sədri Cəmil Həsənlinin hərəkatın sədri Eldar Namazov haqqında dediklərinə münasibət bildirib.
E.Quliyev Modern.az-a deyib ki, Cəmil Həsənli subyektiv fikirlərini söyləyir: “Hörmətli professor Cəmil Həsənlinin xətrini çox istəsəm də, onun fikrində subyektiv çalarların olduğunu deməliyəm. Hələ “El” Hərəkatı yarananda Eldar Namazov siyasi liderlə bərabərhüquqluluq statusu qazanmışdı. Milli Şura yarananda “El”in fəaliyyəti donduruldu. Bir lider kimi hərəkatla bağlı işləri kənara qoyub, Milli Şuranın işi ilə bağlı çalışdı. Ümumiyyətlə, bu cür polemikaların həm Eldar müəllim, həm də Cəmil müəllim tərəfindən qəzet səhifələrində aparılmasının əleyhinəyəm”.
E.Quliyev qeyd edib ki, E.Namazov Milli Şuranın namizədi olmağa çalışmayıb: “Həmin vaxt Rüstəm İbrahimbəyovla danışmışdım, namizədlə bağlı konkret ad çəkməmişdi. Orada bir neçə nəfərin adı hallanırdı. Bunlar Mehman Əliyev, Cəmil Həsənli, Zəfər Quliyev idi. Eldar Namazovun adı həmin sırada yox idi. Məncə, bu məsələdə bir az araşdırma aparmaq lazımdır. Bəlkə də Eldar Namazovun əvvəllər Milli Şuranın vahid namizədi kimi seçkiyə qatılmaq iddiası var idi. Amma qarşıda partiyası strukturlaşmış İsa Qəmbər, preziden seçkilərində namizəd olmaq iddiası olamayan Əli Kərimli, ALP lideri Lalə Şövkət var idi. Əslində Rüstəm İbrahimbəyovun namizədliyi keçməli idi. Sadəcə, ona süni əngəllər yaratdılar. Hakimiyyət gördü ki, Milli Şura təkcə partiyaların koalisiyası deyil, xalqın əhəmiyyətli kəsiminin ümid yerinə çevrilir. Bu, hakimiyyət üçün ciddi əngəl idi. “Rusiyanın layihəsidir” deyə-deyə Rüstəm müəllimin vətəndaşlıq məsələsini ləngitdilər. Öz içimizdə də qüsurlar var idi. Məsələn, hadisələrin mahiyyətindən xəbəri olmayan Rəsul Quliyev yerinə və vaxtına uyğun olmayan açıqlamalar verirdi. Cəmil müəllim müsahibəsində tələskinliyə yol verib, amma bu, bağışlanandır. Eyni mövqeyi Eldar Namazov da nümayiş etdirmişdi. Siyasətdə tələnkənlik praqmatizmlə üst-üstə düşmür”.
Qeyd edək ki, Milli Şuranın Cəmil Həsənli “Yeni Müsavat”a müsahibəsində deyib ki, Eldar Namazov Milli Şura ideyasından əldə edə biləcəyi bir şeyləri əldə etməyə çalışıb: “Bəzilərinə də nail oldu. Məsələn, bir siyasətçi kimi ona siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi. Milli Şuranın adı, Rüstəm İbrahimbəyovun mandatı ilə o, bu istəyinə qısa bir vaxtda yetişdi. Əlbəttə, bir siyasətçi kimi bu onun üstünlüyü idi. Amma bu divident qalacaqmı? Bunu zaman göstərər. Digər məqsəd isə Milli Şuranın namizədi olaraq seçkiyə qatılmaq idi. Buna isə nail ola bilmədi. Düzdür, ilk dövrlərdə o, bu çətinliyi düzgün qiymətləndirmir, namizəd olub seçiləcəyinin artıq həll olunduğunu gizlətmirdi. Amma həyat onun gözlədiyindən daha mürəkkəb oldu, hadisələr onun düşündüyündən daha çətin məcraya yönəldi. Ona görə də indi MŞ Eldar Namazov üçün maraqsız idi. Lakin bütün hallarda bu adamların MŞ-dən getməsi arzuolunan deyildi”.
İlkin Pirəli