Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır.
300 bal toplayanlardan biri Sumqayıt şəhəri 28 saylı orta məktəbin şagirdi Əsgərov Telman Anar oğludur.
O, Modern.az-a açıqlamasında bildirib ki, yüksək nəticə əldə edəcəyini gözləyirdi:
“Bu imtahana hazırlaşarkən sadəcə müəllimin verdiyi tapşırıqlarla kifayətlənmirdim, özüm də əlavə tapşırıqlar işləyərək, inkişaf etməyə çalışırdım".
Məktəbli təhsilini informasiya texnologiyaları sahəsində davam etdirmək istəyir.
"Blok imtahanlarında da maksimum nəticə - 700 bal əldə edəcəyimə inanıram. Abituriyentlərə məsləhətim çox yox, keyfiyyətli çalışsınlar. Onlara özlərinə inanmalı olduqlarını məsləhət görürəm”.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.