Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edən icra hakimiyyəti orqanı olaraq yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması məqsədi ilə məqsədyönlü tədbirlərini davam etdirir. Xidmət müasir və yeni yanaşmalarla yanğın təhlükəsizliyi problemlərini günün tələbləri səviyyəsində həll etmək üçün müxtəlif formatlı tədbirlər planlaşdırır. Bu haqda Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki, əməkdar jurnalist Hikmət Xudiyev Modern.az-a məlumat vermişdir:
- Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan yanğından mühafizə sistemlərinin tətbiq olunması istiqamətində həyata keçirilən işlərin səmərəsini artırmaq, bu sahədə görülən işləri təkmilləşdirmək məqsədilə 2014-2016-cı illər üçün qarşıda duran vəzifələri müəyyənləşdirmiş, bununla əlaqədar Xidmətin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev tərəfindən fəaliyyət proqramı təsdiq edilmişdir.
Proqramda nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin prioritet saydığı məsələlərdən biri də mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərin yanğından mühafizə sistemləri, yanğına qarşı vasitə və avadanlıqlar - ilkin yanğınsöndürmə vasitələri, mexaniki, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə, yanğın barədə xəbərvermə qurğuları, köpükəmələgətirici maddələr və s. ilə təmin olunmasına nail olmaqdır.
2014-2016-cı illərdə Dövlət Yanğın Nəzarəti Xidməti yanğından mühafizə sistemlərinin, yanğına qarşı vasitə və avadanlıqların satışı, quraşdırılması ilə məşğul olan təşkilatların fəaliyyətini nəzarətdə saxlayacaq, bu təşkilatlar arasında sağlam rəqabətin gücləndirilməsi, yeni şirkətlərin bazara daxil olması üçün tədbirlər həyata keçirəcəkdir. Bu istiqamətdə həyata keçiriləcək işlərlə əlaqədar sərgilərin, məhsulların təqdimetmə mərasimlərinin də təşkil edilməsi nəzərdə tutulur.
2014-2016-cı illərdə obyektlərin təxliyyə yollarının vəziyyətinin öyrənilməsi və bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə də manitorinqlər keçiriləcək və günün tələblərinə cavab verməyən yanğından mühafizə sistemlərinin, yanğına qarşı vasitə və avadanlıqların yenilənməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.
Ölkə ərazisində yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirlər sırasında mənşəyi bilinməyən, müvafiq sertifikatı olmayan yanğına qarşı vasitə və avadanlıqların ölkəmizə gətirilməsinin qarşısının alınması üçün hüquq-mühafizə, gömrük orqanları, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər keçiriləcək.
Baş vermiş yanğın hadisələrinin böyük əksəriyyətinin elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verdiyini, artıqyüklənmənin, qısaqapanmanın, izolyasiyanın pozulmasının, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsinin, montaj işlərindəki səhvlərin və s. yanğın təhlükəsizliyinə zidd halların mövcud olmasını nəzərə alaraq Dövlət Yanğın Nəzarəti Xidməti 2014-2016-cı illərdə müvavfiq tədbirlərin görülməsini də nəzərdə tutmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların müzakirəsi ilə əlaqədar bu günlərdə fövqəladə hallar naziri, general-polkonik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilmiş müşavirədə Dövlət Yanğın Nəzarəti Xidməti qarşısında duran vəzifələrin icrası istiqamətində də işlərə artıq start verilib.
Modern.az