Modern.az

Roza Əliqızı: “Qızlarımı çimizdirib gedirdim ki, başıma bir iş gəlsə, heç olmasa bir həftə təmiz qalsınlar” - Döyüşçü SÖHBƏTİ

Roza Əliqızı: “Qızlarımı çimizdirib gedirdim ki, başıma bir iş gəlsə, heç olmasa bir həftə təmiz qalsınlar” - Döyüşçü SÖHBƏTİ

5 Fevral 2014, 11:13

“Bəzi kişilər müharibəyə getməmək naminə “dəli” adını öz üstlərinə götürməyə razılaşırdılar”

Modern.az saytı keçmiş döyüşçülərlə silsilə söhbətlərin təqdimatını davam etdirir.
Bu dəfə hərbi jurnalist, “Əsgər ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızı ilə müharibə illərini xatırladıq və o zamankı çətinliklərini bizimlə bölüşdü.

- Roza xanım, döyüş bölgələrinə getmək və ordan yazılar hazırlayıb gətirmək sizin üçün çətin deyildi ki?

- Mənim uşaqlıq illərim sovet dövrünə düşüb. O dövrdə müharibə ilə bağlı filmlər çox göstərilərdi. O filmlərin hamısını izləyər, hətta yuxularımda da görərdim ki, bizdə də müharibədir və mən də müharibəyə getmişəm. Yuxudan oyananda isə bunun gerçəklik olmadığını və filmlərin təsirini anlayırdım. Amma haradan biləydim ki, bizdə də müharibə olacaq... Həm də düşünürdüm ki, sovet dövründə necə müharibə ola bilər?

Bir gün atama dedim ki, mən hərbi məktəbdə oxumaq istəyirəm. Atam isə orada qızların oxumadığını və qəbulun mümkünsüzlüyünü söylədi. Mən bunu içimdə arzu olaraq daşıdım. Amma yenə də jurnalistika ilə məşğul olmağa başladım. Mən universitetdə oxuduğum əvvəlki illərdə də televizya və radio ilə əlaqələrim vardı. Hələ o zaman Azərbaycan televiziyasında təcrübədə idim və vətənpərvərlik mövzusunu seçərək müharibəyə gedən azərbaycanlılar haqqında yazılar yazmağa başaldım. O vaxt “Hünər” verilişi efirə gedirdi,  mən böyük vətən müharibəsində iştirak edən qadınlarımız haqqında sujetlər hazırlayırdım. Təhsilimi başa vurandan sonra işsiz qaldım. Bir müddət sonra isə ailə qurdum.

Həmin vaxt ermənilər atəşkəsi tez-tez pozurdular. Mən buna baxmayaraq, gedib döyüş bölgələrindən yazılar hazırlayıb, gətirib qəzetlərə verirdim. Beləliklə, jurnalistika fəaliyyətim və ilk işim müharibə ilə başladı. Onu da deyim ki, ilk cəbhəyə gedən jurnalistlərdən biri də mən olmuşam. 1988-ci ildən Tovuz, Zəngilan, Qazax bölgələrinə gedib yazılar hazırlayıb gətirirdim. O vaxtı “Səhər” qəetində əlimdə avtomatla bir şəklim də verilmişdi. 1992-ci ildə ilk müstəqil qəzet olan “Ordu” qəzeti fəaliyyətə başladı. Elçin və İsgəndər adında iki cəbhə müxbiri də orda çalışırdı. O vaxt Elçin Sabiroğlu məni onlarla əməkdaşlıq etməyə çağırdı. Mən orda müxbir kimi işlədim. Döyüşlərin qızğın dövründə Laçın, Zəngilan, Qubadlıya tez-tez gedib yazılar hazırlayırdım.

Sonra elə oldu ki, məni rəsmi hərbi xidmətə dəvət elədilər. Daxili İşlər Nazirliyinin tabeliyindəki Daxili Qoşunların baş idarəsində hərbi xidmət keçdim. Sonra burda mətbuat şöbəsi yaradıldı və “Əsgər” qəzeti fəaliyyətə başladı. Komandirimiz Fəhmin Hacıyevin tövsiyəsi ilə  mən o qəzetin nizamnaməsini yazıb hazırladım.

- Ailəli olduğunuzu dediniz. Bəs necə olurdu ki, yoldaşınız sizin döyüş bölgələrinə getməyinizə razılıq verirdi?

- O insan özü də azadlıq hərəkatının üzvlərindən idi və sovet imperiyasına qarşı çıxanlardan biri olmuşdu. O vaxtlar dövlətimiz sovet imperiyasının tərkibindən ayrılaraq müstəqillik qazanmışdı. O buna əlbəttə, sevinirdi. Ona görə də mənim döyüş bölgələrinə getməyimə və ordan yazılar hazırlayıb gətirməyimə heç bir maneçilik etmirdi. Çünki ən azından yaşanan hadisələrin içində idi. Onu da deyim ki, mən ora tək yox,  ya qardaşımla, ya da yoldaşımla gedərdim.

- Bəs, övladınız kiminlə qalırdı?

- Bəli, o zaman biri beş və altı yaşında iki qız övladım vardı. Uzun zamandan sonra daha bir qızım dünyaya gəldi. O, indi 3-cü sinifdə oxuyur. Mən cəbhə bölgəsinə gedəndə hətta geri dönməyəciyimi də gözə alırdım. Ona görə də uşaqlarımı çimizdirib gedərdim ki, birdən orda başıma bir hadisə gələr, mənə nəsə olar, onda heç olmasa bir həftə çirkli qalmasınlar. İnanın,  sanki onlar da buna öyrəşmişdilər. O vaxt  milli hisslərimizin oyanış dövrü idi. Heç kim vətənin azadlığından başqa bir şey haqda düşünmürdü. Döyüş səhnələrini görəndə düşünürdüm ki, mütləq ordan bir material hazırlayıb bunu bütün insanlara çatdırmalıyıq.

- Vətənpərvərlik hissri analıq hisslərindəndən güclü idimi?

- Fikrincə, o dövrdə tək mən belə deyildim. Heç kim vətənindən  başqa heç nəyi düşünmürdü. Hətta o vaxt 17-18 yaşında qızlar Daxili Qoşunlara gəlib müharibəyə getmək istədiklərini deyirdilər. Komandir də mənə tapşırırdı ki, get onları başa sal və denən buna icazə verilmir. Hətta yadımdadır, o vaxt Könül adlı bir qız vardı, onu nə qədər elədiksə fikrindən daşındıra bilmədik. Könüllü olaraq, müharibəyə getdi və şəhid oldu. Demək istəyirəm ki, o dövr belə idi. Amma onu da deyim, elə kişilər də vardı ki, onlar müharibəyə getmək istəmirdilər. O vaxt mən bununla bağlı bir yazı da yazmışdım. Bəzi kişilər müharibəyə getməmək naminə “dəli” adını öz üstlərinə götürməyə razılaşırdılar...

- Valideyinləriniz sizin müharibə bölgəsinə getmək istəyinizi necə qarşılamışdılar?

- Valideyinlərim ziyalı insanlar olduqlarına görə bunu çox normal qaşıladılar. Mənə nə yoldaşım, nə də valideyinlərim öz işimi görməkdə mane olmayıb. Biz beş bacı, bir qardaş olmuşuq. O vaxt prezidentin fərmanına əsasən tək uşaqları əsgərliyə aparmırdılar. Amma qardaşım məni forma ilə görəndə dayana bilmədi. Dedi ki, gedib əsgərliyə könüllü olaraq yazılacam. Dediyi kimi də etdi və döyüşlərə qatıldı. Yadıma gəlir, o vaxt Laçında ağır döyüşlər başlamışdı. Həmin döyüşlərdə yaralanan qardaşımı təcili olaraq Bakıya xəstəxanaya gətirib, sonra bizə xəbər verilmişdi. Bu hadisə hər birimizə çox pis təsir etmişdi. Çünki gözümüzün ağı-qarası bir qardaşımz vardı. Onun yanına gedəndə gördüm ki, huşunu itirib. Vurulduğu zaman əsgərlərdən biri sürüyərək kolun arxasına gizlədib ki, orda qalsa ermənilər onu girov götürəcəklər. Şükürlər, o başqa əsgərlərin sayəsində xilas olmuşdu. Bu günə qədər də onun bədənində qəlpə qalıb.

- Ailəli bir xanım üçün kişilərlə bir yerdə hərbi xidmətdə olmaq çətin deyildi ki...?

- 1988-ci ildən bu yana mən onların içərisindəyəm. Mən indiyədək bir zabitdən, bir əsgərdən özümə qarş qeyri-adi bir hərəkət görməmişəm. Bəzi qadınıar ora gedib gələndən sonra narazılıqlarını bildirirdilər. Əlbəttə, qadınlardan  bu sözləri eşitmək mənim üçün xoş olmurdu.  Düşünürdüm ki, Azərbaycan əsgərinə qarşı hörmətsizlik edirlər.  Mən illərimi, gəncliyimi hərbiyə həsr eləmişəm. Onların içərisində olan bir qadın kimi deyə bilərəm ki, bəzən danışılan hər şey heç də doğru olmur. Ona görə də mən o yerlərə gedib öz gözlərimlə bunun şahidi olmaq istəyirdim. Amma belə halların olmadığını görəndə düşünürdüm ki, deməli, hər şey insanın özündən asılıdır. Onlar hətta özləri yaxınlaşaraq problemlərini bölüşürdülər. Mən də öz növbəmdə onları gəlib Müdafiə Nazirliyinə çatdırır və problemlərinin həlli üçün yardımçı olurdum.

- Sizcə, qadının əlinə silah alıb döyüşməsi niyə cəmiyyətimizdə yaxşı qarşılanmır?

- Bəlkə zaman keçdikcə bu məsələyə münasibətdə düşüncə tərzimiz dəyişəcək. Mən gənc qız ikən rəsmi olaraq həqiqi hərbi xidmətə çağırılmışdım. Bu mənim üçün fəxir idi. Mənimlə birgə bir neçə nəfər xanım döyüşçümüz vardı və onlar da vətən qarşısında öz borclarını layiqincə yerinə yetirmişdilər. Bir çox kişilərdən fərqli olaraq.... Qadının əlinə silah alıb döyüşməsi o dövr üçün pis qarşılanmırdı. Milli oyanış dövrü olduğu üçün o vaxt hər kəs istəyirdi ki, vətənpərvərlik borcunu yerinə yetirsin. Vətənpərvərlik hissi güclü olan insanları isə vətəndən başqa bir şey düşündürmürdü.

- Döyüş bölgələrində material hazırladığınız zaman yadınızda qalan qorxulu anlar olurdumu?

- Şahidi olduğun hadisələri qələmə aldığım zaman xeyli iztirab keçirmişəm. Qarabağla bağlı 8 kitabım çap olunub və yaşadığım ağrı-acıları qələmə almışam.

Mühasirədə qaldığım anlarda hansısa əsgərin gözümün qarşısında şəhid olmasının şahidiyəm. Məncə, bundan böyük qorxu ola bilməzdi... Yaralanaraq qolunu itirən əsgərin iztirab verən baxışlarının da şahidiyəm...

Bu gün Şəhidlər Xiyabanında Məlahət adlı bir xanım uyuyur. O, cəbhəyə mülki şəxs kimi gəlmişdi. Onun haqqında hər dəfə danışanda çox pis oluram...

O zaman mən şəhid Xalid Quliyevlə bağlı bir veriliş hazırlayırdım. Çəkiliş üçün Məlahətlə birgə onların evinə getmişdik. Sujeti bitirən vaxtı Məlahət Xalidin anasının qarşısında diz çökərək dedi: “Sən o cür oğulun anasısan, üzülməli deyilsən, onunla fəxr etməlisən. Amma mənə elə gəlir ki, Aynişan xala bu dəfəki döyüşdən sağ çıxmıyacam. O zaman məni də ağlayarsan...”

Onun belə danışmasının doğru olmadığını bildirdim. Sanki ürəyinə damıbmış, dedi ki, mən bu dəfəki döyüşdən sağ çıxmıyacam. Həftənin birinci gün idi. Mən başqa döyüş bölgəsinə, o isə Ağdərə tərəfə getdi. Biz dəhlizdə görüşdük, dedi ki, ölsəm məndən yazarsan. Qarşılığında”bəs mən ölsəm, kim yazacaq”, - dedim. Gülüşərək ayrıldıq. Qubadlıya gedib bir həftə sonra qayıdanda eşitdim ki, Məlahəti vurublar və Ağdərə ilə  sərhəd bölgəsində qalıb. Onun ordan gətirilməsi üçün çox əziyyətlər çəkiblər. Tabutu cümə günü gətirildi və elə həmin gün də veriliş efirə getdi. Məlahətin dediyi sözlər, hələ də qulağımdan getmir. Baş verənlər necə də onun ürəyinə dammışdı...

O vaxt  Horadizdə gedən döyüşlərdən xüsusi bir buraxılış hazırlamalıydım. İcazə alsam da, Füzulidə əsgərlər qarşımı kəsib dedilər ki, ora getməyinizə izin verə bilmərik, Nəcməddin Sadıqovun xüsusi tapşırığı var. Düzü, məyus oldum, amma yenə qərarımdan dönmədim. Onlar hətta məni vura biləcəklərini də dedilər. Geriyə belə baxmadan getdim. Dedim ki, “getməyən kişi qızı deyil, vurmayan da kişi oğlu...” Maşına oturdum, sürücünün qorxduğunu görüb dedim ki, sür gedək. Hətta ölümü belə gözə almışdım. Hərbçilər də getməkdə israrlı olduğumu görüb, üzlərini çevirdilər. Məqsədim Horadizdən xüsusui buraxılış hazırlamaq və onu yaratdığım “Hünər” qəzetində çap etmək idi...


- Övladlarınıza nə dərəcədə vətənpərvərlik hissi aşılaya bilibsiniz?

- İkinci qızım hələ 9 yaşında ikən hərəkata qoşulmuşdu. Mən səkkiz kişi ilə birgə Qarabağın azadlığı uğrunda aclıq aksiyası keçirtmişdik. Köçkün qonşularımıza dedim, uşaqlarınızdan birini verin bizimlə getsin və biz bunu simvolik olaraq bütün dünyaya tanıtdıraq və  göstərək ki, hətta bu körpələr belə Qarabağı istəyir. Bunu eşidən Günel qızım dedi ki, ana, mən getmək istəyirəm. O,  hətta bununla bağlı müsahibə də vermişdi. Həkimlər ona “hələ 9 yaşın var, sən gedə bilməzsən”, - deyəndə məyus olmuşdu. O isə “ana həkimlər icazə verməsələr belə, bir kənarda oturub aclıq aksiyasına qoşulacam”, - dedi. O vaxt Flora Kərimova da aclıq aksiyasına dəstək verirdi. Flora xanım indi məni Roza kimi yox, amma Günelin anası deyən kimi tanıyır. Onu demək istəyirəm ki, o vaxtdan övladımın canında-qanında vətənpərvərlik hissləri var idi. Böyük qızım isə tamam fərlqi xarakterə sahibdi. O uşaq ağlıyla mənə deyirdi ki, nəyə görə belə əziyyətlərə dözürsən. Sənə qiymət verəcəklərmi? Sonbeşiyim isə bu dövrün uşağıdır. O  məndən beş dəqiqə belə ayrı qala bilmir.

Bu gün bizim ən yaralı məqamlarımızdan biri budur  ki, gənclərimiz milli vətənpərvərlik ruhunda böyümür. Ona görə də bu təbliğata orta məktəbdən başlanılmalı və televiziyalarımızda vətənpərvər ruhda verilişlərə daha çox vaxt ayrılmalıdır.

- Müharibə sizdən nələri aldı və nələri qazandırdı?

- Ən böyük qazancım Azərbaycanın ilk milli ulduzunu çiynimdə daşımağım oldu. İtirdiklərimə təssüflənməmişəm. Yaradıcı bir insan idim. O zaman bir şeyə təssüflənirdim, kaş mənim də kitablarım olaydı.  Şükürlər olsun, bu gün o arzularım rellaşıb. Xoşbəxtliyin nə olduğunu bilmirəm, amma o anlar mənim üçün xoşbəxt anlar idi.

Vətən qarşısında borcumu yerinə yetirdim və allahın yanında üzü ağ, alnı açığam. İtirdiyim isə sağlamlığım oldu və bu gündə əziyyət çəkirəm. Neçə illərdir yataqxanada yaşayırdım. Artıq mənə də prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilən binadan ev verilib. Xoşbəxtəm ki, qızlarım təhsil aldılar. Üçüncü qızım isə orta məktəbdə oxuyur.

- “Əsgər ailəsi” Cəmiyyəti necə yarandı?

- 1988-ci ildən müstəqil jurnalist kimi döyüş bölgəsinə getmişəm. 1992-ci ildən rəsmi olaraq hərbi xidmətə çağırılmışam. İndi də əsgərlərin içərisindəyəm.  Bu, həm mənim işim, həm də jurnalistlik fəaliyyətimlə bağlıdır. O vaxt rabitə sistemi olmadığına görə əsgərlərlə onların ailələri arasında bir bağlılıq, əlaqə yaratmışdım. Yoldaşımla rayonlara gedir, verilən məktubları ünvanına çatdırırdım. Bəzən yoldaşım bezir, “biz nə qədər rayona gedəciyik”, - deyirdi. Mən onları təslim etməmiş rahat ola bilmirdim. Bu bağlılığı daha da gücləndirmək üçün bir təşkilat yaratmağı qərara aldım. Beləliklə, 1992-ci ildə “Əsgər ailəsi” Cəmiyyətinin təməli qoyuldu və ilk yaradılan QHT-lərdən biri oldu.










Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU