Modern.az

Elşad İskəndərov: “İslamı düzgün şəkildə dünyaya tanıtdırmaq bizim üzərimizə düşür ”

Elşad İskəndərov: “İslamı düzgün şəkildə dünyaya tanıtdırmaq bizim üzərimizə düşür ”

5 Fevral 2014, 11:23

DQİDK və BMT-nin Sivilizasiyalar Alyansı arasında Fəaliyyət Planı üzərində razılıq əldə olunub. Fəaliyyət Planı uyğun prosedurlar tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcəkdir. Bunu Modern.az-a komitənin mətbuat xidmətindən bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov fevralın 4-də İstanbulda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdülaziz Al-Nassirlə görüşüb. Görüş zamanı iki qurum arasında əməkdaşlığı nəzərdə tutan 2013-cü ilin sentyabrın 27-də imzalanmış Anlaşma Memorandumuna əlavə olaraq Fəaliyyət Planı üzərində razılıq əldə edərək paraflayıblar (ilkin razılığın ifadəsi olaraq). Sözügedən fəaliyyət planı DQİDK ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoq, sülh təhsili və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Fəaliyyət Planı uyğun prosedurlar tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcəkdir. E.İskəndərov mətbuata açıqlamasında Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı ilə əməkdaşlığa önəm verdiyini və bugünədək BMT-nin Sivilizasiyaların Alyansı çərçivəsində həyata keçirilən bir çox tədbirə ev sahibliyi etdiyini söyləyib. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsində 2007-ci ildə Bakıda təşkil edilən Gənclər Sivilizasiyaların Alyansı uğrunda” Yüksək Səviyyəli Konfransı və bu təşəbbüsün 2011-ci ildə Bakıdakı Birinci Sivilizasiyalararası Forumu zamanı beynəlxalq gənclər hərəkatına çevrilməsini xüsusilə qeyd edib.   XXI əsrdə dünyadakı mövcud qlobal problemlər zəminində fərqli mədəniyyətlər və dinlər arasında dialoqun inkişaf etdirilməsinin və qarşılıqlı anlayış prinsiplərinə beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən hörmət göstərilməsinin vacibliyinə diqqət çəkən Elşad İskəndərov bu baxımdan dünyada sülhün əldə olunması üçün sahib olduğu tolerantlıq irsinə istinad edərək Azərbaycanın aktiv şəkildə fəaliyyət göstərməkdə qərarlı olduğunu bildirib:  “Fərqli din və məzhəblərin nümayəndələri Azərbaycanda hər zaman dostluq və qardaşlıq içində yaşayır və müasir müsəlman ölkəsi olaraq Azərbaycanın müxtəlif yerlərində baş verən islamofobik hərəkətlərdən narahatıq və bu baxımdan İslamı düzgün şəkildə dünyaya tanıtdırmaq  məsuliyyəti də biz  müsəlmanların üzərinə düşür” – deyə komitə sədri vurğulayıb. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Al-Nassir Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və bu əməkdaşlığın Fəaliyyət Planında razılaşdırılan konkret layihələrlə daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini bildirib. Fəaliyyət Planında əks olunan Azərbaycan ilə BMT Sivilizasiyaların Alyansı arasında birgə aparılacaq layihələr sülh, gənclərin inkişafı, dialoq, tolerantlıq və din adamlarının intellektual əməkdaşlıq fəaliyyətlərinin təmin edilməsi ilə yanaşı, İslam və Türk dünyası mədəniyyətinin tanıdılmasını da nəzərdə tutur.     Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU