Modern.az

Qəbulda 300, 400, 700 bal sevdasını tamamilə unutmalıyıq...

Qəbulda 300, 400, 700 bal sevdasını tamamilə unutmalıyıq...

Təhsil

22 Aprel 2025, 09:28

“Bal sistemində nəinki 10-20, hətta 40-50 ballıq fərq nisbəti belə ciddi aralıq hesab olunmur. Məsələn, asanlıqla 700 ballıq sistemdə 650-660 bal nəticə göstərənlə, 700 balı toplayan şəxsin bilik və bacarıqlarında o qədər də ciddi fərqin olmadığını deyə bilərik”.

Bu barədə Modern.az-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuri deyib.

Ekspertin sözlərinə görə, buradakı fərq yalnız bir neçə sualla bağlıdır:

“Bir çoxu hətta 1 və ya 2 sualı cavablandıra bilmədiyi üçün maksimal nəticədən məhrum olunublar. Buna görə də biz istər 700, istərsə də hər mərhələ üzrə maksimal nəticə olan 300 və 400 balları toplayan şəxsləri digərlərindən çox da fərqləndirməməliyik”.

Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, qiymətləndirmə sistemində testin rolu artıq getdikcə öz əhəmiyyətini azaltmaqdadır:

“Bir şəxsin bilik və bacarıqlarının qiymətləndirilməsi onun ani situasiyada verdiyi qərar, fərqli yanaşma, orijinal analiz bacarığına əsasən aparılmalıdır ki, artıq bu tendensiyaya daha çox diqqət ayrılır. Bir şəxsin mühakimə yürütmə qabiliyyəti, proseslərarası əlaqələndirmələri daha dolğun aparması keyfiyyəti onun necə test həll etməsindən qat-qat üstündür. Çünki bu detallar ona həyatda praktiki tətbiqlər, onların həyati həllərini öyrədir. İnsana isə məhz bu lazımdır”.

E.Nuri sonda bildirib ki, indi test üzərindən toplanan bal gələcək üçün yalnız nostalji uğur hekayəsidir:

“Onun bir müddətdən sora heç bir müsbətyönümlü tətbiqi keyfiyyəti qalmır. Amma mühakimə, analiz, əsaslandırma, eləcə də digər keyfiyyətlər insan faktorunun olduğu hər yerdə onları mənimsəyən şəxslə bir yerdə olaraq onu uğura doğru aparacaqlar. Odur ki, biz 300, 400, 700 bal sevdasını bir yolluq tamamilə unudub, məsələyə sırf praqmatik baxmalıyıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi