Modern.az

Diaspor təşkilatlarının regional mərkəzləri yaradılacaq

Diaspor təşkilatlarının regional mərkəzləri yaradılacaq

5 Fevral 2014, 16:10

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının regional mərkəzləri yaradılacaq. Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət  Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Ötən gün İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun toplantısı öz işini davam etdirib. Toplantıda dünyanın müxtəlif regionlarında qurulması nəzərdə tutulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin Əsasnamə layihəsi ilə bağlı rəy və təkliflər ətrafında müzakirlər aparılıb. Layihədə yaradılacaq mərkəzlərin əsas fəaliyyət istiqamətləri, türkdilli xalqların diasporları arasında əməkdaşlığın genişləndirilməsi prinsipləri, türkdilli xalqların mənafelərinin qorunması sahəsində fəaliyyət mexanizmləri ilə bağlı müddəalar öz əksini tapıb. Əsasnamə təhsil, mədəniyyət, ortaq dəyərlərin qorunması və təbliği, lobbi quruculuğu, diasporların ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı türkdillli xalqların diasporlarının birgə fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarını təmsil edəcək bu mərkəzlərin fəaliyyətinin əlaqələndirilməsinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Əsasnaməyə görə Regional mərkəzlərin fəaliyyət göstərdiyi ölkələrdəki Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının hər birindən iki nümayəndə təmsil olunacaq.

Daha sonra xarici ölkələrdə yaşayan türkdilli gənclərin diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etmək məqsədilə qurulacaq Gənclər Komissiyası ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, bu barədə təmas qrupunda təmsil olunan Azərbaycan nümayəndələrinin hazırlayacağı təkliflər paketi Türkiyə təmsilçilərinin də rəyi nəzərə alınmaqla növbəti toplantıda müzakirəyə çıxarılsın.

“Həftəsonu” məktəblərinin yaradılması ilə bağlı Azərbaycanın təcrübəsinin digər türkdilli ölkələr tərəfindən də tətbiq edilməsi tövsiyə olunub. İclasda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının regional mərkəzlərinin ilkin mərhələdə ABŞ, Fransa, Almaniya və Ukraynada qurulması barədə razılığa gəlinib. Sonda iclasın yekun protokolu müzakirə olunub və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi tərəfindən təsdiqlənib.

 

 

 

Gülətkin Ələsgər

 
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU