Milli Məclisin yaz sessiyasında “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi müzakirə olunacaq. Qanunda yaşıllıqların mühafizəsi, qorunması bərpası kimi və digər məsələlər öz əksini tapıb. Birinci oxunuşdan keçən qanun layihəsinin üzərində iş gedir. Bütün işlər tamamlanandan sonra mart ayında ikinci oxunuşa təqdim olunacaq.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanunda əks olunan məsələlərlə bağlı Modern.az-a açıqlama verib. Onun sözlərinə görə, qanunda yaşıllıqların mühafizəsi, qorunması bərpası kimi və digər məsələlər öz əksini tapıb.Millət vəkili onu da qeyd edib ki, qanuna görə, bundan sonra paytaxtda yerli ağac növləri əkiləcək, bütün ağac növləri və cinsləri qeydiyyata alınacaq. “Qanunda göstərilir ki, əgər bir ağac kəsilərsə, mütləq onun əvəzinə müvafiq icra hakimiyyətinin göstərdiyi yerdə başqa bir ağac əkilməlidir. Bundan başqa, yeni tikililər salınanda layihədə yaşıllıq məsələləri öz əksini tapmalıdır və bütün bunlar mütləq sanitar normalara cavab verməlidir. Məhəllədaxili yaşıllıqlar isə bələdiyyələrə aid olacaq və həmin yaşıllıqlara görə cavabdehlik daşıyacaqlar. Həmçinin qanunda stimullaşdırıcı tədbirlər də nəzərdə tutulur. Məsələn, yaşıllığı artıranlara müəssisə və ya fiziki şəxslərə tinglərlə köməklik ediləcək.
Qanun layihəsində əsas məsələlərdən biri yaşıllıq salınarkən ağacların növü və cinslərinin seçilməsi olacaq. Sovetlər dönəmində paytaxtın bəzi yerlərində tut ağacları əkiblər. Yay vaxtı həmin ağaclar bar verəndə yollara tökülür və antisanitariya yaradır. Bakı şəraiti üçün davamlı olmayan ağacları tapıb gətiriblər. Bir-iki ildən sonra həmin ağaclar məhv olur. Ona görə də qanunda elmi əsaslandırılmış qaydada ağacların əkilməsi nəzərdə tutulub. Botanika İnstitutu bunun üzərində işləyib ki, paytaxtda hansı ağacları əkilməlidir. Ağac növlərinin hansı növləri və cinslərinin əkilməsi də qanunda öz əksini tapıb. Xüsusilə də yerli ağac növlərinin əkilməsinə üstünlük veriləcək”. Paytaxtda yaşıllıq zolağının az olduğunu deyən E. İbrahimov onu da bildirdi ki, qanunda yaşıllıq zolaqlarının artırılması nəzərdə tutulub. “Məsələn, hər adam üçün 20-30 kvadratmetr yaşıllıq zolağı olmalıdır. Halbuki indi bu norma pozulub. Odur ki, bütün bu məsələlər yavaş-yavaş öz həllini tapacaq. Çünki yaşıllığın az olduğu yerlərdə xəstəliklərin sayının günü-gündən artır. Ona görə də qanunda yaşıllıqların əraziləri genişləndirilməsi nəzərdə tutulub”.
Qanuna yeni maddələrin əlavə olunduğunu deyən E. İbrahimov yaşıllıqların hamısının siyahıya alınacağını və dövlət qeydiyyatında olacağını bildirdi. Onun sözlərinə görə, qanun bu cür tənzimlənəcək. Hansı ağacın kəsilməsi o dəqiqə bilinəcək. “Qanunun icrası yalnız müvafiq orqanların üzərinə məsuliyyət qoymayacaq. Sadə vətəndaşlar belə, qanunun icrasında rol oynamalı olacaqlar. Məsələn, xarici ölkələrin əksəriyyətində ağacı silkələyəndə sadə vətəndaşlar da təpki verirlər. Ağacın qızılma ehtimalının böyük olduğunu həmin vətəndaşa bildirirlər. Yəni belə, qanunun icrasına sadə vətəndaşlar da böyük rol oynamalıdırlar”.
Gültəkin ƏLƏSGƏR