“Seçki qanunvericiliyinin dəyişməyəcəyi halda seçkidə iştirak etmək özünü və cəmiyyəti aldatmaqdan başqa bir şey deyil. Faktiki olaraq, Azərbaycanda seçki keçirilmir. Mərkəzi Seçki Komissiyası yuxarıdan gələn göstərişə uyğun səs yazır. Biz bir neçə partiya, QHT nümayəndələri və ziyalılarla məsləhətləşmələr aparırıq. Çalışırıq ki, seçki qanununsda dəyişiklikliyə nail olaq. Bu, ağrılı bir prosesdir. Ona görə indidən məsləhətləşmələrə başlamışıq”.
Bunu Modern.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. O bildirib ki, hələ ki koalisiya yaratmaqdan söhbət getmir, sadəcə məsləhətləşmə aparılır: “Fuad Əliyev və Pənah Hüseynlə danışıqlar aparmışıq. Digər partiyalarla da danışıqlarımız planlaşdırılır. Normal seçkinin keçirilməsi üçün bütün resurslarımızı işə salmalıyıq”.
Ə.Oruc müxalifət daxilindəki gərginlikdən təəssüfləndiyini qeyd edib: “Əsas diqqət dartışmaya yönəlib. Bir də o zaman ayılacaqlar ki, seçki başlayır və heç bir dəyişiklik də yoxdur. Əgər nəzərdə tutduğumuz dəyişiklik olmazsa, seçkiyə qatılmayacağıq. Adam özünə hörmət etməlidir. Milli Şura kimi yalançı qurumlarla nəyəsə nail olmaq mümkün deyil”.
İlkin Pirəli