Qazaxıstanda özəl həbsxanalar olacaq. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, daxili işlər naziri Kalmuhanbet Kasımovun verdiyi məlumata görə, ilk belə müəssisə respublikanın mərkəzi hissəsində yerləşən Karaqandada tikiləcək. Layihənin dəyəri 25 milyard tenqe (160,5 milyon doillar) qiymətləndirilir. Yerli hakimiyyət artıq yeni həbsxana üçün torpaq da ayırıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin Cəzaların icrası sisteminin rəhbər müavini Meyram Ayubayev deyib ki, bu müəssislər investorların hesabına tikiləcək: “Dövlət udur, ona görə ki, pul ayırmır, biznesmen də udur, ona görə ki, o öz pulunu qoyub oradan xidmət müqabilində gəlir əldə edəcək. Bu da hotel biznesinə bərabərdir”.
Yeni həbsxana 1,5 min məhbus üçün nəzərdə tutulur. Orada Karaqanda vilayətindən olan cinayətkarlar saxlanılacaqlar. Həbsxananın gələcək sahibi həmin ərazidə öz müəssisəsini təşkil edib, məsələn, yaxınlıqdakı şaxtadan kömür çıxarda bilər. Tikintinin tenderində istənilən iş adamı iştirak edə bilər, ancaq onun kriminal aləmlə əlaqələrinin olub-olmadığı yoxlanılacaq.
Hazırda Qazaxıstan dünyada hər 100 min nəfərə nisbətdə həbs olunanların sayına görə 31-ci yerdədir. 2013-cü il avqustun 1-nə olan məlumata görə, respublikada 50 minə yaxın adam həbsxanalarda cəza çəkir.
Modern.az