Proqram siyasəti televiziya yayımçılığında mühüm rol oynayır. Məhz bu siyasət tamaşaçıya nəyi necə təqdim etməyə qərar verir. Modern.az proqramların televiziyanın əsas siması olduğunu və onun reputasiyasında önəm daşıdığını nəzərə alaraq televiziyalar arasında sorğu keçirib.
Televiziyalar proqram tərtibatını necə müəyyənləşdirir? Bu prosesdə kimlər iştirak edir?Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımın sözlərinə görə, Az.TV, “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarının ayrı-ayrı proqram direktorluğu var: “Hər proqram direktorluğu televiziya və radionun informasiya, maarifləndirmə və əyləndirmə funksiyalarına, eləcə də “Televiziya və radio yayımı haqqında” Qanuna müvafiq olaraq öz proqramlarını tərtib edir.
Az.TV-nin proqram siyasətini baş proqram direktorluğu həyata keçirir. Baş proqram direktorlugu redaksiyaların və departamentlərin fəaliyyətini tənzimləyir: proqram şəbəkəsini tərtib edir, veriliş və proqramları müvafiq təqvim planına uyğun yerləşdirir, proqram, veriliş və filmlərin anonslarını hazırlayır, teleməkanın monitorinqinin nəticələrini nəzərə alır və s.”.
Xəzər TV-nin sözçüsü Aqşin Kamal: “Proqram tərtibatını “Xəzər” televiziyasının İdarə Heyəti və Proqram departamenti müəyyənləşdirir. Ancaq bununla yanaşı, o proqramlara birbaşa aidiyyəti olan redaksiyalar, departamentlər, əməkdaşlar, ümumiyyətlə, proqramla kimin ki, birbaşa əlaqəsi var, onlar ideya təklifi ilə çıxış edə bilir. O təklifləri yığıncaqlarda, iclaslarda dəyərləndirirlər. Amma yenə də son nəticədə idarə heyəti yığışır, efir proqramını müəyyənləşdirir”.İTV-nin sözçüsü Teymur Abdullayev: “Bu işi İctimai Televiziyanın Proqramlar Direktorluğu görür. Eyni zamanda İTV-nin Yayım Şurasının və Direktorlar Şurasının fikri, təklif və rəyləri nəzərə alınır. Hər həftənin üçüncü günü Proqramlar Şurasının iclası olur. Orada proqram qəbul edildikdən sonra qəzetə göndərilir. Bütövlükdə isə bu proses “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq tənzimlənir”
ATV telekanalının “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu: “Televiziyanın təbii ki, Proqram Departamenti və əməkdaşları var. Proqram məsələsi bu gün bir az qəliz məsələdir, yəni onun oturuşmuş bir sistemi var. Daha çox, belə deyək, proqram fikir mübadiləsi əsasında hər həftə tərtib olunur, efirə verilir. Departament rəhbərlərinin də fikirləri nəzərə alınır. Hansı saatda hansı təbəqədən olan tamaşaçılar hansı verilişləri izləyir, bu məsələ müzakirə olunur. Təbii ki, təkliflərin əksəriyyəti nəzərə alınır”.
Media eksperti Qulu Məhərrəmlinin fikrincə, əslində televiziyanın görünməyən hissəsi proqramın tərtib olunması ilə bağlıdır: “Proqram tərtib olunanda gün, auditoriyanın tələbləri, maraqları, istəyi nəzərə alınır. Təbii ki, televiziyanın özünün konsepsiyası da orada öz əksini tapır. Yəni biz nəyə görə bu verilişi bu gün veririk. Biz niyə tutaq ki, bu gün bu filmi proqrama salırıq. Bunların hamısının bir cavabı olmalıdır. Proqram tərtibi bir ənənədir. Amma çox təəssüf ki, bizdə bu dəqiqə proqram tərtibində ənənədən uzaqlaşma var. Birinci növbədə artıq müəyyən ümumiləşmiş ənənə, nəzərdə tutulmuş sistem yox, yalnız belə təsadüflər, məsələn, necə gəldi, nə gəldi proqrama oturdurlar. O verilişlər də havadan asılmış vəziyyətdə qalır, tamaşaçı da ona baxmır. Yəni, elmi baxımdan yanaşsaq, proqram tərtibinə verilən tələblər var. Bunlar proqrama salınan verilişlərin günlə bağlılığı, aktuallığı, cəmiyyət üçün onun dəyərli, tamaşaçı üçün maraqlı olması və televiziyanın konsepsiyasının məqsədinin o proqramlarda öz əksini tapmasıdır. Bunlar yoxdursa, biz deyə bilmərik ki, o proqram yaxşı tərtib olunur. Bilirsiniz, yaxşı proqram tərtib eləyən televiziyalar da var. Məsələn, son illər ATV-də proqramlaşdırmanın daha çevik olması diqqətimi cəlb edir. AzTV-də isə proqram tərtibatı çox ənənəvidir, ağırdır, şablonlar üzərində qurulub. ANS-də bu müəyyən dərəcədə qənaətbəxşdir. Çünki orada yeni televiziyanın ruhu, ənənəsi var. Özünün yaratdığı ənənədən faydalanma var. Digər televiziyalarda isə bunu görmək bir az çətindir”.
Misranə Həsənzadə