Modern.az

Müsavatla AXCP yenidən müttəfiq ola bilərlər

Müsavatla AXCP yenidən müttəfiq ola bilərlər

8 Fevral 2014, 11:55


“Müsavatı hakimiyyətin hansısa planını reallaşdırmaqda ittiham etmək ən azı siyasi savadsızlıqdan başqa bir şey deyil. Müsavat bu günün deyil, 100 ilin partiyasıdır. Bu müddət ərzində Müsavat xalqın maraqlarını digər maraqlara qurban verməyib. Bundan sonra da belə olacaq. Hakimiyyəti ifşa etmək, cəmiyyəti demokratikləşdirmək uğrunda mübarizə aparmaq əvəzinə müttəfiq saydıqları partiyanı “ifşa” etməkdənsə, öz keçmişlərinə baxsalar, kifayət qədər şübhəli və qaranlıq məqamlar görə bilərlər. Bu iddialar gülünc, əsassızdır. Adama deyərlər, öz gözündə tiri görməyən, başqasının gözündə tük axtarmaz”.

Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının Müsavat haqqında dediklərinə cavab verərkən deyib.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında deyib ki, Müsavat Partiyası ilə gərginliyin yaranması partiyanın real, inandırıcı səbəb gətirmədən, bəhanə ilə Milli Şuradan çıxması ilə bağlı idi: “Biz o zaman bildirmişdik ki, Müsavatın addımı hakimiyyətin müxalifəti, Milli Şuranı bölmək ssenarisinin tərkib hissəsidir. Biz sadəcə olaraq, Müsavat Partiyasının Milli Şuradan ayrılmasının motivləri barədə cəmiyyəti məlumatlandırmaq istədik. İstədik ki, Azərbaycan cəmiyyəti bilsin ki, Müsavat Partiyası Milli Şuranı hansı səbəbdən tərk edib, bu, demokratik proseslərə qarşı hakimiyyətin həyata keçirdiyi planın tərkib hissəsidir. Bununla bağlı artıq kifayət qədər müzakirələr getdi, cəmiyyət hər şeyi bildi”.

T.Abbaslı qarşılıqlı ittihamların olmasına baxmayaraq, növbəti seçkilərdə iki partiyanın müttəfiqliyini mümkün  sayır: “İstənilən seçkidə partiyaların tək iştirakının tərəfdarı olmuşam. Mən o düşüncədə deyiləm ki, müxalifətin hakimiyyətə gələ bilməməsi, seçkidəki nəticələri reallaşdıra bilməməsi birliklə bağlıdır. Düşünürəm ki, bu, hakimiyyətin repressiyasından, anti-demokratik addımlarından irəli gəlir. Partiyalar seçkidə tək iştirak etsə, daha yaxşı olar. Çünki real güclərini rəqiblərinə göstərməlidirlər. Amma hansısa birliklərin də əleyhinə deyiləm. Əminəm ki, vaxtilə AXCP-nın Müsavata qarşı sərgilədiyi destruktiv mövqe sıravi cəbhəçilər tərəfindən qətiyyən dəstəklənmir. Əksinə, bu, onların özlərində də ikrah hissi doğurur. Mən də Cəbhəni rəhbərlikdə bir-iki nəfərin yersiz danışığına görə qurban verə bilmərəm”.

İlkin Pirəli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU