Respublika üzrə bütün məktəblərin məzunlarının 2024-cü ildə keçirilən buraxılış və qəbul imtahanlarındakı göstəricilərini əks etdirən kitabçalar hazırlanıb.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirlib ki, bu materiallar 2024-cü ildə keçirilən buraxılış imtahanlarının və ötənilki tələbə qəbulunun nəticələrinə dair elmi-statistik təhlilin bir hissəsidir. Burada hər bir rayon (şəhər) üzrə məzunların imtahan fənləri üzrə orta göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil müəssisələrinə qəbul olunanların sayı, rayonun (şəhərin) hər bir məktəbini təmsil edən ortastatistik abituriyentin nəticələri və qəbulolma göstəriciləri təqdim edilib.
Kitabçalar artıq “PDF” fayl formatında bütün regional təhsil idarələrinə, həmçinin rayon (şəhər) təhsil sektorlarına göndərilib.
Qeyd edək ki, bu məlumatların təhlili, əldə olan materialların pedaqoji ictimaiyyətə çatdırılması qabaqcıl təcrübənin yayılması və təhsilin inkişafı ilə bağlı strateji qərarların qəbul olunması üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, hər il qəbul imtahanlarının nəticələrinə əsasən, ölkədə məktəb təhsilinin vəziyyətinin elmi-statistik təhlili aparılır və araşdırmanın nəticələri təhsil ictimaiyyətinə çatdırılır.