Modern.az saytının məlumatına görə, fevral ayının 10-da yazılı abidələrimizin tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun 55 yaşı tamam olur.
Paşa Əli oğlu Kərimov 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib, 1981-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1982-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır. Fəaliyyətə baş laborant vəzifəsindən başlayıb, dörd il elmi katib, doqquz il direktor müavini olmuşdur, iki ildən artıqdır ki, direktor vəzifəsini icra edir.
O, 1991-ci ildə «Əlican Qövsi Təbrizi «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik, 2012-ci ildə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə edib, əlyazma abidələrimizin mahir və məhsuldar tədqiqatçısı kimi tanınıb.
Paşa Kərimov Əlyazmalar İnstitutunda, dünyanın müxtəlif əlyazma xəzinələrində saxlanan onlarla əlyazmalarımızı aşkar edərək araşdırıb, kitab halında geniş ön sözlə çap etdirib, yazılı abidələrimizin tədqiqinə monoqrafiyalar, həm də xarici ölkələrdə işıq üzü görmüş çoxsaylı məqalələr həsr edib. İlk dəfə olaraq XVI-XVII əsr şairlərimiz Yusif bəy Ustaclu, Sadiq bəy Əfşar, Qövsi Təbrizi, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Məczub Təbrizi, Təsir Təbrizi və başqalarının türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra digər abidələrimizi çap etdirib.
P.Kərimov Əlyazmalar İnstitutunda işlədiyi müddətdə xarici ölkələrin kitabxana və muzeylərində saxlanan yazılı abidələrimizin surətlərinin əldə edilməsinə xüsusi fikir verib, yüzlərlə əlyazmamızın surətinin çıxarılaraq tədqiqata cəlb edilməsinə nail olub.
Onun ölkəmizə gətirdiyi, tədqiqata cəlb etdiyi yazılı abidələrimizin köməyi ilə tariximiz, ədəbiyyat, dil və mədəniyyət tariximiz barəsində yeni söz demək mümkün olub. P.Kərimovun “Əlican Qövsi Təbrizi “Divanı”ının tekstoloji tədqiqi”, “XVII əsr anadilli Azərbaycan lirikası”, “XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret oçerklər)”, “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” monoqrafiyaları, ölkəmizdə və xaricdə çap edilib, çoxsaylı məqalələri araşdırılan əlyazma materiallarının coxluğu, elmi-nəzəri səviyyəsinin yüksəkliyi ilə diqqətimizi cəlb edir.
P.Kərimov Ankara, Elazığ, Diyarbəkir, Aşqabad və Daşkənddə keçirilən beynəlxalq konfranslarda, 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan və Romada keçirilmiş Azərbaycan mədəniyyəti günlərində iştirak edib.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olub, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. 2013-cü ildə İstanbuldakı Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi «Türk ədəbiyyatına xidmət baratı»na layiq görülüb.
Görkəmli alim və elm təşkilatçısı Paşa Kərimovu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Modern.az