Modern.az

Elman Mehdiyev: “Azərbaycanda pensiyaların orta aylıq məbləği yoxsulluq həddini 1,7 dəfə üstələyib”

Elman Mehdiyev: “Azərbaycanda pensiyaların orta aylıq məbləği yoxsulluq həddini 1,7 dəfə üstələyib”

Təhsil

11 Fevral 2014, 12:20

2013-cü ilin yekunlarına əsasən, Azərbaycanda əmək pensiyalarının baza məğləği 100 manata, orta aylıq məbləği 170,4 manata çatdırılıb. Yaşa görə pensiyalar üzrə orta aydıq məbləği isə 188,1 manat, əvəzetmə əmsalı 45 faiz təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun  (DSMF) sədri Elman Mehdiyev Fondda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclasında çıxışı zamanı deyib. O vurğulayıb ki, ötən il pensiyaların indeksləşdirilməsi və artımı ilə bağlı Azərbaycan Prezidentinin 2 sərəncamı icra olunub. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib: “Halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir”. 

E.Mehdiyev nəzərə çatdırıb ki, 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2588,3 mln. manat olub. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün  Fond tərəfindən 2530,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 127,3 mln. manat və ya 5,3 faiz  çoxdur. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Pensiya xərcləri 2012-ci ilə nisbətən 5,3 faiz və ya 124,3 mln. manat artaraq  2468,2 mln. manat təşkil edib. 2013-cü ildə əhaliyə məcburi dövlət sosial sığortası hesabına 62,3 mln. manat  məbləğində müavinət ödənilib. 

E.Mehdiyev ölkə üzrə əmək pensiyaçılarının sayı barədə də məlumat verib. O bildirib ki, ilkin məlumatlara görə, 2013-cü ilin əvvəlinə 1272,1 min nəfər olmuş və il ərzində 4,1 min nəfər və ya 0,3 faiz artaraq (o cümlədən yaşa görə 7,6 min nəfər azalmış, ailə başçısını itirməyə görə 3min nəfər, əlilliyə görə 8,7 min nəfər artmışdır) ilin sonuna 1276,2 min nəfər təşkil edib.

“2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2012-ci ilə nisbətən 8 faiz və ya 199,3 mln. manat, sosial sığorta gəlirləri isə 12,2 faiz və ya 173,2 mln. manat artmışdır”.
Elman Mehdiyev Fondun 2013-cü ildəki fəaliyyətinin yekunlarını şərh edərkən belə deyib. Fond sədri  vurğulayıb ki, ötən il sosial sığorta daxilolmalarının 62,5 faizi və ya 997,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb.
“Bu da  əvvəlki ilə nisbətən 14,6 faiz çox olmaqla proqnozun 116 faiz icra edildiyini göstərir. Eyni zamanda fiziki şəxslərdən daxilolmalar 28,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 21,8 faiz artmışdır”.

DSMF sədri vurğulayıb ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunub.

Bu isə öz növbəsində pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan verib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU