Modern.az

Dövlət Sosial Müdafiə Fondunda nöqsanlara yol verən vəzifəli şəxslər haqda qərar verildi

Dövlət Sosial Müdafiə Fondunda nöqsanlara yol verən vəzifəli şəxslər haqda qərar verildi

Təhsil

11 Fevral 2014, 12:31


Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda  Fondun sədri  Elman Mehdiyev çıxışı zamanı ötən ilin yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

DSMF sədri ötən illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, 2013-cü ildə Azərbaycan Respublikasının növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini də diqqətə çatdırıb.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər. Kollegiya iclasında  Fondun yerli orqanlarının 2013-cü ildəki fəaliyyəti ətraflı təhlil edilib və öz işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU