Bu gün Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyası İqtisadiyyat, ticarət və maliyyə məsələləri Komissiyasının üçüncü iclası öz işinə başlayıb.
Modern.az xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın millət vəkilləri iştirak edib. Tədbirdə Türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu gündəliyin əsas mövzusu olub. İlk olaraq çıxış edən komissiyanın sədr müavini, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Hüseynova bildirib ki, keçən ilin avqust ayında Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə görüşü keçirilib: “Həmin görüşdə qəbul olunan qərarlar iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu mövzusunda hesabat məruzəsi layihəsinə daxil olunub”. Daha sonra çıxış edən MM-in sədrinin I müavini Ziyafət Əsgərov qeyd edib ki, türk dövlətləri ilə Azərbaycanı birləşdirən bir çox amillər var: “Bizi birləşdirən təkcə nəqliyyat coğrafiyası deyil, tariximiz, mədəniyyətimizdir. Buna görə də siyasi, iqtisadi və bir çox sahələrdə əməkdaşlıq etməyimiz olduqca vacibdir. Bu baxımdan, bugünkü iclasın böyük əhəmiyyəti var. İnanıram ki, bu iclasda qəbul edilən qərarlar da türk dünyasının inkişafına töhfə verəcək.” Millət vəkili Nizami Cəfərov isə çıxışında qeyd edib ki, nəqliyyat kommunikasiyası əlaqələri tək Türk dünyasını iqtisadi cəhətdən birləşdirmir. Eyni zamanda bu digər cəhətdən ciddi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, nəqliyyat sahəsindəki əlaqələr bu ölkələr arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə bərabər xalqların sosial inkişafına da öz töhfəsini vermiş olur: “Xüsusən də quru və dəmir yolları xalqların rifah ahlının və sosial durumun yaxşılaşmasında müstəsna rolu var. Belə ki, avtomobil və dəmir yolları ölkələrin ərazisində yaşayış məntəqələri ərazisindən keçir və bu da paralel olaraq digər infrastrukturlar inkişaf etdirilməsinə təkan verir. Bunun nəticəsində də xalqların yaşayış durumu yaxşılaşır. Ona görə də avtomobil və dəmir yollarının inkişafına önəm vermək lazımdır.” İclasa 4 üzv ölkənin parlamentarlarından ibarət komissiya üzvləri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASECA hökumətlərarası komissiyasının nümayəndələri qatılıb. Qırğızıstanın nümayəndə heyətinin üzvü Adbırahman Mamataliyev isə "İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu"na dair mövzuda məruzəçi kimi çıxış edərək bildirib ki, bu mövzunun müzakirəsi çox ciddi məsələdir. O, qeyd edib ki, Qırğızıstanda sərnişinlərin 95%-i avtomobillərlə daşınır və bunun qonşu ölkələrə heç bir maneəsi yoxdur. TÜRKPA-nın Qazaxıstan nümayəndə heyətinin üzvü Sarsenbay Yensegenov isə bildirib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin əsas önəm verdiyi məsələ türkdilli ölkələr arasında nəqliyyat və logistika infrastrukturunun genişlənməsidir. Onun sözlərinə görə, Qazaxıstan türkdilli ölkələrin Avropaya qədər açılmasına xüsusi önəm verir: "Dəniz yolunun inkişaf etdirilməsi bizim ölkələrimiz üçün çox önəmlidir. Bu, ölkələrimizin ticarətinin və iqtisadiyyatının Avropaya qədər açılması olacaq. Qazaxıstan TÜRKPA-nın bütün layihələrini dəstəkləyəcək". TÜRKPA-nın türkiyəli üzvü Mahmud Mücahid Fındıklı qeyd edib ki, son illər TÜRKPA ölkələri arasında iqtisadi əlaqələr daha da möhkəmlənib. Türk iş adamları arasında iş birliyi artıb: "Ölkələr arasında nəqliyyat vasitələrinin inkişafına addımlar atılmalı, investisiyaların həcmi artırılmalıdır. Nəqliyyat problemlərinin həlli ticarət, gömrük, turizm sektorunu da inkişaf etdirəcək, sərhədlərdə olan ləngimələri və digər sahələrdə olan bürokratik əngəlləri də aradan qaldıracaq".Milli Məclis üzvü Nizami Cəfərov isə bildirib ki, nəqliyyat məsələsi türk dünyasını birləşdirən ən mühüm məsələlərdən biridir. Belə ki, bu məsələnin həlli digər sahələrdə olan əməkdaşlığın da inkişafına təkan olacaq. İclasın sonunda TÜRKPA-nın plenar iclasına çıxarılması üçün tövsiyə sənədi qəbul edilib. O cümlədən komissiyanın 4-cü iclasının bu ilin ikinci yarısında Qazaxıstanda keçirilməsinə dair razılıq əldə edilib.
Gültəkin ƏLƏSGƏR