
“Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinlərin satışı və istehsalı dayanacaq”. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq bununla bağlı hökumətə müraciət də edilib:
“Biz tələbatın ödənilməsində yaranan çətinliklə əlaqədar hökumətə müraciət etmişik. Aİ-98 və Aİ-95 markalı benzinin azad satışı həyata keçiriləcək, ancaq biz əsas gücümüzü Aİ-92 markalı benzinin istehsalına sərf edəcəyik. Yəqin ki, bu məsələyə baxılacaq. Qərar qəbul edildikdən sonra biz yalnız Aİ-92 benzini istehsal edəcəyik”.
ARDNŞ-nin prezidenti deyib ki, neft emalı zavodu ölkədə benzinə olan tələbatı ödəmir. O bildirib ki, il ərzində respublikada benzinə olan tələbat 10-11 % civarında artır:
“Heydər Əliyev adına Neft Emalı Zavodu benzina olan tələbatı ödəyə bilmir. İl ərzində respublikada benzinə olan tələbat 10-11 % civarında artır. Heç bir zavod bu tələbata tab gətirə bilməz. Yəqin ki, bu da ölkədə inkişafın, artımın olduğundan xəbər verir”.
ARDNŞ-nin prezidenti benzinə olan tələbatı ödəyə bilmək üçün zavodlarda genişləndirmə işlərinin aparılacağını deyib:
“Qaradağda bu ilk növbədə qaz emalı zavodunun tikintisinə başlayacağıq. Daha sonra qaz kimya zavodlarının tikintisi və həmin dövrdə neft emalı zavodunun tikintisinə başlayacağıq. Bu çox böyük proyektdir və bu ildən başlayaraq 2023-cü ilə qədər davam edəcək. Bu işlərin həyata keçirilməsi Azərbaycanda 2023-2025-ci ilə kimi benzinə olan təlabatın ödənilməsinə imkan verəcək. Benzinin keyfiyyəti problemili məsələ deyil. Çünki Azərbaycan neftinin tərkibində kükürd azdır. Bu da bizə geniş imkanlar yaradır. Amma buna baxmayaraq benzinin keyfiyyətinin Avro 4 standartlarına uyğunlaşdırılması ilə bağlı işlər gedir”.
Modern.az