
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri Anar Bağırov bu dəyişikliyə münasibət bildirib. A.Bağırov bu dəyişikliklərin beynəlxalq normalara və Avropa İnsan Hüquqları Konvensiyasına tam cavab verdiyini söyləyib və sözlərinə bunları əlavə edib: “Bu dəyişiklikləri yalnız alqışlamaq olar. Xüsusən də, hüquqi yardım istədiyini bildirən tutulmuş şəxsin hüquqi yardımı almayanadək dindirilməməsi məsələsi çox mütərəqqi bir addımdır. Tutulmuş şəxsə belə hüquqların verilməsi insan hüquqları və ümumiyyətlə digər aspektlərdən yaxşı haldır. Bu dəyişikliklər ölkəmizdə aparılan hüquq islahatlarına öz müsbət töhfəsini mütləq verəcəkdir.” Hüquqşünas bildirib ki, artıq bu dəyişiklikdən sonra tutulan şəxsin hüquqi müdafiəsi keyfiyyət baxımından daha da artacaq, tutulan şəxsin təcrübəsizlikdən, savadsızlıqdan və s. amillərdən öz əleyhinə hərəkət etmək riski azalacaq.
Modern.az