“Azərbaycanda anormal vəziyyət hökm sürür. Konkret olaraq, siyasi partiyaların fəaliyyəti üçün şərait yoxdur. Partiyalar niyə ayrı-ayrılıqda yaranır? Məqsəd odur ki, hər bir partiya öz tərəfdarlarını toplasın. Amma ona görə bir yerə yığışırlar ki, ayrı-ayrılıqda qarşıda duran vəzifələri yerinə yetirmək gücündə deyillər. Bu da cəmiyyətin demokratikləşməsinin zəifliyi ilə bağlıdır”.
Bunu Modern.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Azərbaycanda siyasi blokların yaradılması partiyaların zəifliklərinin əlamətidir: “Bundan sonra güclü partiya meydana çıxmayacaqsa, təbii ki, blokların yaradılması gündəmin bir nömrəli məsələsi olacaq. Bu baxımdan müxalifətin bələdiyyə və parlament seçkilərində geniş koalisiyalar yaradıb, seçkiyə getməkdən başqa yolu yoxdur. Çox güman ki, bu, belə də olacaq. Bilirsiniz ki, Milli Şuradan Müsavat Partiyası, “El” Hərəkatı çıxıb. Ola bilər ki, yeni blok yaradılsın. Seçkilər yaxınlaşdıqca, bu məsələlərə aydınlıq gətiriləcək”.
S.Cəlaloğlu qeyd edib ki, Azərbaycanda siyasi təşkilatlar, partiyalar demokratik qaydada formalaşmadıqlarına görə orada antidemokratik proseslər inkişaf edir: “Siyasi partiyalar aşağıdan yuxarıya demokratik qaydada idarə edilsə, bir-birlərini ittiham etməzlər. Azərbaycan müxalifətinin ən ciddi problemi budur ki, heç vaxt yaradılan bloklarda iştirak edən tərəflər səmimi olmayıblar”.
İlkin Pirəli