“El” Hərəkatı ilə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) arasında gərginlik davam edir. VHP Ali Məclisinin sədri Rafiq Manaflının mətbuatda “El”i tənqid etməsinə hərəkatın sədri Eldar Namazov sərt cavab verib. E.Namazovun sözlərinə görə, 2013-cü il prezident seçkisi kampaniyası başlayanda Rafiq Manaflı bildirib ki, VHP-nin seçki komissiyalarında üzvlərinin hamısını hakimiyyət təyin edir: “Rafiq Manaflı dedi ki, heç biz özümüz də bilmirik onlar kimlərdir, bunu nəzərə alıb bizə ümidli olmayın. Həqiqətən də mən Ağstafada, Qazaxda, Tovuzda Milli Şuraya daxil olan partiyaların 200-ə yaxın üzvünün iştirakı ilə toplantı keçirəndə bəlli oldu ki, VHP-nin rayon şöbələrinin rəhbərləri də tanımırlar ki, yerli hakimiyyət kimləri VHP adından seçki komissiyalarına daxil edir. İndi bu partiyanın vəzifəcə ikinci adamı “EL” Hərəkatı haqqında ağzına gələni danışır. Günah onlarda deyil. Günah onları gətirib Milli Şuranın başında oturdanlardadır”.
Rafiq Manaflı Modern.az-a açıqlamasında Eldar Namazovun dediklərinin doğru olmadığını qeyd edib: “Siyasətlə məşğul olan adam belə söz deməz. Partiyanın rəhbər strukturunda çalışan bir adam öz partiyası haqqında belə sözü necə deyə bilər ki? Seçki öncəsi Milli Şurada komissiyaların tərkibi ilə bağlı müzakirələr aparılıb. Həmin iclaslarda demişəm ki, VHP-nin ölkənin əksər yerlərində təşkilatı var. Amma təşkilatımız olmayan rayonlarda hakimiyyətin təşkilatçılığı ilə VHP-nin adından kimlərsə çıxış edə bilər. Elə bölgələr var ki, orada təşkilatımız yoxdur və proseslərdən də xəbərsizik. VHP-də bilirlər ki, elə söz demərəm. Görünür, Eldar Namazov tənqidlərə dözmür. Bu adam Milli Şuranı yaradanlardan biri olub. O, daha çox öz təbliğatı üçün Milli Şuradan istifadə etdi. İndi də Milli Şuradan gedəndən ona qarşı təbliğat aparır, zərbə vurmağa çalışır. O müsahibələrinin birində də Cəmil Həsənlinin ünvanına absurd fikirlər səsləndirmişdi. Bu, qarayaxma kampaniyasından başqa bir şey deyil. Dedikləri həqiqətəuyğun deyil. Ümumiyyətlə, onun bundan sonra nə deməsi məni maraqlandırmır”.
R.Manaflının sözlərinə görə, E.Namazovu Milli Şuranın yaranma prosesinə buraxmaq lazım deyildi: “Günah Eldar Namazovu Milli Şuranın yaranması prosesinə cəlb edənlərdədi. Milli Şuraya İctimai Palatadan gəlmişəm. Həmin qurumun Koordinasiya Şurasının üzvü olmuşam, Eldar Namazov kim olub? Bir neçə də dəfə Palatanın iclaslarında dedim ki, “El” Hərəkatının Milli Şuranın yaradılması prosesində etdiklərini şişirtmək lazım deyil. Eldar Namazov Ziyalılar Forumuna sığınmışdı. İsa Qəmbərə də, Əli Kərimliyə də demişəm ki, bu hərəkat sabun köpüyüdür”.
İlkin PİRƏLİ