Modern.az

Yunanıstan və Serbiya səfirləri Bakı Ali Neft Məktəbində olublar

Yunanıstan və Serbiya səfirləri Bakı Ali Neft Məktəbində olublar

13 Fevral 2014, 14:22

Bakı Ali Neft Məktəbində Yunanıstanın və Serbiyanın  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Dimitrios Tsunqas və Zoran Vayoviç ilə görüş keçirilib.

Görüş çərçivəsində qonaqlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tədrisin təşkili prosesi və  beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri haqqında ətraflı məlumat verən ali məktəbin rektoru Elmar Qasımov  bildirib ki, bu ali təhsil olacağı yeni  fəaliyyətə başlamasına  baxmayaraq, əldə etdiyi yüksək nailiyyətlərə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  tərəfindən tərtib edilən  2012 və 2013- cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və ali məktəblər arasında mütləq lider olub. E.Qasımov qeyd edib ki, BANM-də tədris sistemi  Avropa Kredit  Transfer  sisteminin tələblərinə uyğun şəkildə təkil olunmuşdur və bu baxımdan Avropanın bu sahədə tanınan, güclü ali təhsil müəssisələri ilə əməkdaşlıq olduqca  vacibdir.  O vurğulayıb ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərkib hissəsi olaraq Yunanıstan və Serbiyada fəaliyyət göstərən aparıcı ali təhsil ocaqları ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulması məqsədəmüvafiqdir.

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsunqas Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə, təhsil və  elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün arzuolunan və faydalı ola biləcəyini vurğulayıb.

Serbiya Respublikasının  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Zoran Vayoviç  Bakı Ali Neft Məktəbinə  dəvət edildiyinə görə rəhbərliyə öz minnətdarlığını bildirib. Azərbaycanda aparılan uğurlu, strateji islahatları  və Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi beynəlxalq   layihələri  yüksək qiymətləndirdiyini vurğulayan  səfir  qeyd edib ki, Azərbaycanda  neft –qaz sənayesi inkişaf etməkdədir. Bu baxımdan  Azərbaycanda müasir standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması olduqca zəruridir.

Görüş zamanı   gələcəkdə əməkdaşlıq çərçivəsində  universitetlərarası tələbə və müəllim mübadiləsi, müxtəlif  proqramlar, daxili əməkdaşlıq, qarşılıqlı səfər və fikir mübadiləsi istiqamətində  müzakirələr aparılıb.

Görüşün sonunda  qonaqlara  Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu verilib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU