Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi bu gün səhər metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında baş vermiş partlayışda yaralananların sayının 4-ə çatdığını xəbər verib.
Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərində bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılmış, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın, yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son məlumata görə, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Əməliyyat saat 12:24-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az