Modern.az

Seysmoloji Mərkəz: “Zəlzələni şouya çevirməyin!”

Seysmoloji Mərkəz: “Zəlzələni şouya çevirməyin!”

13 Fevral 2014, 16:06


Bu günlərdə insanlar arasında 8-9 ballıq, dağıdıcı zəlzələ olcağı haqqında informasiyalar dolaşır. Hamı çox narahatdır. Bu narahatlığa aydınlıq gətirmək üçün Modern.az Respublika Seysmoloji Mərkəzi ilə əlaqə saxladı. Mərkəzin mətbuat xidmətindən Vüsalə Rafiqqızı bildirdi ki, hərənin bir problemi var.

“İnsanlara əlavə problem, baş ağrısı, narahatlıq yaratmaqda məqsəd nədir?! Episentri Hacıqabulda olan zəlzələnin əksər yerlərdə hiss olunması o demək deyil ki, sonradan burada qorxulu zəlzələlər, dağıntılar ola bilər. Əvvəldən də demişik, indi də deyirik ki, Azərbaycan seysmoaktiv zonalardan biridir. Şamaxı-İsmayıllı, Xəzər dənizi, Talış dağları, Şəki-Balakən aktiv zonalardır. Amma aktiv zonaların olması burada zəlzələ baş verəcəyi anlamına gəlmir. Tarixən zəlzələlər olub, olur və olacaq da. Əslində insanlarımız psixoloji cəhətdən hazır olmalıdırlar. Aktiv bölgədə yaşamağı faciəyə çevirmək də olmaz. Yaponların yaşadığı yer aktiv zonadır, orada hər gün təkanlar baş verir. Amma yaponlar öz işlərindədir. Dünyanın ən aparıcı texnologiyalarının sahibi, onların yaradıcısıdırlar”.

V. Rafiqqızı deyir ki, gündəmi zəlzələ ilə zəbt etmək olmaz: “İnsanlarımız maarifləndirrməlidirlər. Kiçik titrəyiş baş verdisə, bu o demək deyil ki, bütün günü oturub zəlzələ gözləməliyik. Dünyada ən pis şey insan nigarançılığıdır. Dünyanın heç bir yerində zəlzələnin dəqiq proqnozu yoxdur. Yəni, ancaq aktiv bölgələr haqda məlumat vermək mümkündür. Vaxtını, yerini heç kəs deyə bilməz. Bu yerin təkində baş verən prosesdir. Elm zəlzələnin proqnozunu müəyyənləşdirə bilməyib. Bu Amerikada, Yaponiyada, Azərbaycanda və digər ölkələrdə də belədir”.

Onun sözlərinə görə, Respublika Seysmoloji Mərkəzi dünyanın ən müasir tipli seysmik stansiyaları ilə çalışır: “Bizim 35 peyk rabitəsilə işləyən seysmik stansiyalarımız var. Son illər baş verən zəlzələlərlə bağlı informasiyaları 5-10 dəqiqə müddətində sayta yerləşdirir, ictimaiyyətə çatdıra bilirik. Şəbəkə genişləndikcə ən həssas təkanları da qeydə almaq mümkün olur. Ən kiçik təkanlar haqda belə məlumatın verilməsi qorxu məqsədi daşımır”.

Mərkəz rəsmisinin sözlərinə görə, son 2 gündə insanlar onlara da müraciət edib, “8-9 ballıq zəlzələ olacaqmı” sualını verirlər: “Bəzi media vasitələri sanki insanların qəsdinə durublar. Bütün insanların psixologiyası eyni deyil. Psixoloji baxımdan iradəli, güclü, zəif, xəstə insanlar var, qocası, hamiləsi var, yüksək mərtəbəli binalarda yaşayan insanlar var. Onların psixikası ilə oynamaq lazım deyil. Mən başa düşmürəm, bəziləri zəlzələni niyə şouya çevirmək istəyir? Zəlzələ təbiət hadisəsidir. Bunun üzərində şou qurmasınlar. Mətbuat nümayəndələrindən xahiş edirəm, insanları yersiz olaraq narahat edəcək informasiyalar yaymasınlar. Rəsmi təşkilat olaraq bildirirk ki, heç kim zəlzələnin nə vaxt olacağı haqda məlumat verə bilməz. Kimsə, hansısa ballı zəlzələ haqda proqnoz verirsə, o özünün qeyri-ciddiliyini ortaya qoyur. O adam nə bilir ki, yerin təkində baş verən ocağın partlayışı hansı gücdə olacaq, balı nə qədər olacaq?! Kimsə özünü reklam etmək istəyir, qoy eləsin, amma bu istiqamətdə  olmasın”.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU