Modern.az

İrana gedən deputat: “Suriyaya döyüşməyə gedənlərin məsələsi müzakirə ediləcək”

İrana gedən deputat: “Suriyaya döyüşməyə gedənlərin məsələsi müzakirə ediləcək”

13 Fevral 2014, 16:44


Sabah Milli Məclisin 5 deputatı İran İslam Respublikasına yollanır. Bu barədə Modern.az-a millət vəkili Xanhüseyn Kazımlı məlumat verib. O bildirib ki, Milli Məclisin 5 üzvünün iştirak edəcəyi tədbirə daha sonra Oqtay Əsədov da qatılacaq.   

Tehranda baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nümayəndə heyətinin tərkibinə Xanhüseyn Kazımlı rəhbərlik edəcək.

Deputat onu da qeyd edib ki, konfransda Azərbaycan həqiqətlərini söyləmək imkanı qazanacaqlar.

 “Beş gün davam edəcək tədbirdə bir çox problemlər, o cümlədən beynəlxalq mühit və islam ölkələrinin problemləri müzakirə olunacaq. Çox güman ki, münaqişələrlə də bağlı məsələlər müzakirə ediləcək. Ola bilər ki, gündəliyə bu məsələlər də daxil edilsin. Konfransın gündəliyi verilmədiyindən ayın 14-15-də hansı məsələlərin gündəliyə çıxarılması ilə bağlı müzakirələr aparılması gözlənilir”.

Konfransda Azərbaycandan Suriyaya döyüşməyə gedən vətəndaşların məsələsinin də müzakirə ediləcəyini deyən millət vəkili vəhhabiliyin bütün İslam ölkələrinin problemi olduğunu söylədi. Onun sözlərinə görə, vəhhabiliyin tərəfdarları, sünni-şiə ayrı-seçkiliyini ortaya atanlar olduğundan bu məsələlərin qabardılması zamanı nə isə deməyə ehtiyac olur.

“Ola bilər ki, bu məsələ hər hansı formadasa qoyulsun və biz də buna reaksiya verək. Təbii ki, biz də dil saxlayan deyilik. Biz Azərbaycan nümayəndə heyətiyik. Ona görə də Azərbaycanın mövqeyini , maraqlarını gözləyə-gözləyə danışırıq. Hətta Azərbaycanın siyasətini qısqananlar da az deyil. Azərbaycan həmişə terrora, soyqırıma, müharibəyə, yox deyən ölkələrdən biridir. Biz həmişə işgüzar əməkdaşlığa çalışmışıq. Görək ölkə rəhbərliyinin bu çağırışlarına səs verən, qoşulan qüvvələrə qarşı ikili standartlar mövcuddur. Azərbaycan elə bir bölgədə yerləşib ki, yeganə yolu özünü müdafiə etmək, öz rəhbəri ətrafında birləşmək və dəvətlərindən istifadə etməkdir”.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU