“Ünvanlı sosial yardım alan ailələrin siyahısı nazirliyin rəsmi internet saytında yerləşdirildikdən və ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciətimizdən sonra xeyli sayda qanunsuz sosial yardım alan ailələr müəyyən edilib”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Modern.az-ın müvafiq sorğusuna cavabında açıqlayıb.
“Aşkar edilmiş qanunsuz təyinatlar dərhal dayandırılıb və həmin işlər üzrə ödənilmiş vəsaitlər dövlət büdcəsinə bərpa edilib”-deyə o? bildirib.
Nazirlik rəsmisi deyib ki, bu neqativ hallara Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin əməkdaşları yol verdiyi üçün başlanmış kadr dəyişiklikləri davam edir.
“Eyni zamanda, ünvanlı sosial yardım üzrə müraciətlərin forması, onlara baxılması, təyin olunması və ödənişinin kompleks şəkildə yeniləşdirilməsinədək mütəmadi olaraq nazirlik tərəfindən zəruri tədbirlər görülür. Təlimatı məktublar və yazılı tapşırıqlarla bu prosesin nəzarətdə saxlanılması üçün səylər artırılır”.
E.Babayev qeyd edib ki, ünvanlı sosial yardımın avtomatlaşdırılmış qaydada yeni sisteminin yaradılması üçün hazırlıq işləri gedir. Məqsəd məmur və vətəndaş əlaqəsini aradan qaldırmaqla şəffaf bir sistemin qurulmasıdır.
“Ünvanlı sosial yardım almaq üçün yeni müraciət edən ailələrin bu yardımı almaq hüququna müvafiq komissiyalarda baxıldıqdan sonra qanunvericilik çərçivəsində hüququ yaranan ailələrə təyinat aparılır və həmin ailələr ünvanlı sosial yardım alan ailələrin siyahısına daxil edilir”.
Gülşən Raufqızı