Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilmiş tədbirlərin yekunu ilə bağlı iclas keçirilib. Bu haqda Modern.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan DQİDK sədri Elşad İskəndərov prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti, milli-mənəvi dəyərlərimizə yüksək səviyyədə qayğısı ilə din-dövlət münasibətləri sahəsində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün geniş imkanlardan danışıb: “Ölkə Prezidentinin qayğısı ilə 2013-cü ildə həyata keçirilmiş çoxsaylı tədbilər bunun bariz nümunəsidir. Belə ki, ötən il əsaslı bərpa və yenidənqurumadan sonra Sumqayıt və Şamaxı Cümə məscidlərinin istifadəyə verilməsi, Qəbələ şəhərində Yeni Məscid kompleksinin açılışı, Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi İmam Rza məscidininin əsaslı təmir olunması, eləcə də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı din sahəsində əlamətdar tarixi hadisəyə çevrilmişdir. Ölkə Prezidentinin müvafiq tapşırıq və sərəncamlarının icrası ilə bağlı DQİDK 2013-cü ildə din-dövlət münasibətləri sahəsində icmalarla maarifləndirmə işi, dini qurumlarda olan problemlərin həlli, milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində 150-dən artıq tədbir həyata keçirilib. Eyni zamanda insan hüquqları sahəsində 30-dan artıq tədbir təşkil edilib”.Komitə sədri həmçinin 2013-cü ildə 12 dini icma dövlət qeydiyyatına alındığını, bununla da dövlət qeydiyyatından keçmiş dini qurumların ümumi sayı 588-ə çadığını bildirib. Həmçinin, 688 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmayıb.
Ölkədə çap olunmaq məqsədilə ekspertizaya 209 adda dini ədəbiyyat təqdim olunmuş, onlardan 4-də dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğundan çapına razılıq verilməyib. Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda jurnalistlər arasında məqalə müsabiqəsi, “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda respublika konfransı, müxtəlif konfessiyalara mənsub dini icmalar arasında ölkədə ilk dəfə Tolerantlıq Kuboku uğrunda mini futbol turniri, müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçirilib.
Dini maarifləndirmə işinin gücləndirilməsi məqsədilə respublikanın Cənub, Şirvan, Şimal, Qarabağ, Sumqayıt-Abşeron və Qərb bölgələrində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin, ictimaiyyətin fəalları üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda keçirilmiş regional konfranslar barədə məlumat verən E. İskəndərov qeyd edib ki, həmin konfransların yekunu olaraq 2 oktyabr 2013-cü ildə Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı təşkil edilib.
İlk dəfə olaraq 40-dan çox dini icma “Dini icmaların sosial layihələrinə dəstək proqramı” na cəlb edilib. “DQİDK tərəfindən yaradılan Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilmişdir. Həmçinin, Dövlət Komitəsinin bilavasitə təşkilatçılığı və dəstəyi ilə BMT, UNESCO və Avropa Parlamentinin mənzil-qərargahları da daxil olmaqla Azərbaycanda dini tolerantlığı əks etdirən beynəlxalq foto-sərgilər və konfranslar təşkil olunmuş, “Azərbaycan İslam incisi” layihəsi həyata keçirilib” deyə komitə sədri vurğulayıb.
2014-cü il üçün DQİDK-nın əsas fəaliyyət istiqamətləri barədə də məlumat verən Elşad İskəndərov qeyd edib ki, Dövlət Komitəsi əsasən din-dövlət münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn fəaliyyətin təkmilləşdirilməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, dini icmalar və cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmə işinin gücləndirilməsi, tolerantlıq ənənələrinin gücləndirilməsi eləcə də daxildə və xaricdə təbliğatı, milli-mənəvi dəyərlərin gücləndirilməsi və inkişaf etdirilməsi, dini icmaların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məsələlərinə xüsusi önəm verəcək.
E.İskəndərov tədbirdə həmçinin DQİDK-nın loqosunun təsis edildiyini bildirib. Tədbirdə həmin loqonun təqdimatı da keçirilib. Loqo səkkizguşəli ulduz formasındadır. Ulduzun içində Azərbaycan Respublikasının Dövlət gerbinin elementi olan dua şəklində açılmış iki əllə əhatə olunmuş alov şəkli yer alıb. Həmçinin səkkiz guşə ni birləşdirən elementlər Azərbaycanda dini tolerantlığı və dinlər arasındakı münasibətlərin çoxşaxəliliyini göstərir.
Qeyd edək ki, iclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein və digər dini icma rəhbərləri Dövlət Komitəsinin ötən il gördüyü işləri yüksək qiymətləndiriblər. Həmçinin, bildirilib ki, Dövlət Komitəsinin fəaliyyəti nəticəsində Azərbaycanda dövlət-din münasibətləri sahəsində ciddi irəliləyişlər əldə edilib.
Modern.az