Modern.az

İcra Hakimiyyəti məcburi köçkünün torpağını əlindən alıb - FOTOLAR

İcra Hakimiyyəti məcburi köçkünün torpağını əlindən alıb - FOTOLAR

15 Fevral 2014, 12:24

Cəbrayıl rayonundan məcburi köçkün düşən Adilə Əhmədova Modern.az saytına şikayət məktubu ilə müraciət edib.

Məcburi köçkün Xətai Rayon İcra Hakimiyyətindən narazıdır.

Məcburi köçkün şikayət məktunubda qeyd edir ki, ona məxsus “A.E.R” firmasının torpaq sahəsi müxtəlif şəxslər tərəfindən zəbt olunub.

Əlində sözügedən ərazinin A.Əhmədovanın təsis etdiyi “A.E.R” firmasına aid olduğu barədə sənədlərin varlığına baxmayaraq, artıq torpaq sahəsinin bir hissəsi onun əlindən alınıb.

İndi isə yerdə qalan ərazini əlindən almaq istəyirlər.

A.Əhmədova deyir ki, Məhəmməd Hadi küçəsi 21/23 ünvanındakı yaşıllıq ərazisi vaxtilə Xətai rayon İcra Hakimiyyəti başçısının 01.11.2000 ci il tarixli 341 saylı sərəncamından çıxarış sənədi ilə firmaya ayrılıb.

Lakin həmin ərazi sonradan elə İcra Hakimiyətinin xeyir-duası ilə müxtəlif şəxslər tərəfindən zəbt olunub.

İndi məhkəməyə müraciət edən Adilə Əhmədova torpaq sahəsinə sahiblik hüququnu təsdiqlədib. Ancaq İcra Hakimiyyətində buna məhəl qoyulmur. 

Sözügedən ərazinin saxta sənədlərlə İlham Ələkbərov adlı şəxsə satıldığını deyən məcburi köçkün Adilə Əhmədova lazım olan bütün instansiyalara müraciət etdiyini söyləyib. 

Modern.az-ın əməkdaşı sözügedən məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsa da, suallarımıza cavab vermədilər.

Məcburi köçkün Adilə Əhmədova deyir ki, həmin ərazidə qanunsuz olaraq yaşıllıqlar məhv edilib. Ancaq İcra Hakimiyyəti buna da göz yumub.

Şikayətçi bu məsələdə yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyindən razıdır. Deyir ki, yaşıllıq zolağın məhvindən sonra məsləyə nazirlik qarışıb və buna görə cinayət işi açılıb.

Qeyd edək ki, məcburi köçkün həmin ərazinin ona məxsus olmasını təsdiqləyən bütün sənədlərini redaksiyaya təqdim edib.

Mövzunu araşdıracağıq.








Modern
.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU