Fevralın 16-da Bakıda «Sovetski» adlanan məhəllənin sakinləri etiraz aksiyası keçirmək üçün məhəllənin mərkəzi küçəsinə yığışıb.
Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, sakinlər evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz ediblər. Onlar əraziyə polisin gətirilməsindən da şikayətlənib.
Etiraz edənlər əllərində Azərbaycan bayraqları və prezident İlham Əliyevin şəkillərini tutub. Onlar deyib ki, dövlətçiliyə və prezidentə qarşı çıxmırlar, onların etirazı məmur özbaşınalığınadır.
Etirazçılar deyir ki, “1500 manatla biz heç nə edə bilməyəcəyik, evlərin qiyməti günü-gündən bahalaşır”. Camaat icra başçısını tələb edib.
Çıxış edən ağsaqqallar sakinləri qanunsuz hərəkətlər törətməməyə çağırıb.
“Biz bayır şəhərlilərik. Bura kənardan gəlməmişik. Bizim babalarımız burda yaşayıb. İndi bizi evimizdən çıxartmaq istəyirlər. Ya bizim evimizin dəyərində kompensasiya versinlər, ya da yerində ev versinlər. Biz hər kvadratmetrə 1500 manat verilməsinə etiraz edirik”-deyə ”Sovetski” sakinləri vurğulayıblar.
Ayrı-ayrı sakinlərin pərakəndə çıxışları ilə aksiya davam edib.
Aksiyaçılar bildirib ki, onlar tərkibi 5-10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradırlar.
“Biz tələblərimizi İcra Hakimiyyəti nümayəndələrinə bildirəcəyik. Əgər tələblərimiz yerinə yetrilməsə, hər bazar günü yox, hər gün aksiya keçirəcəyik. Biz hakimiyyətlə dava etmirik. Davamız özbaşınalıq edən məmurlarladır”.
Hadisə yerinə gələn Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov asakinlər vəd verib ki, heç kimin evi öz razılığı olmadan sökülməyəcək, onların narazılığı həll olunacaq.
Təşkilat Komitəsi yaradılacağı təklifindən sonra aksiyçılar dağılışmağa başlayıb. Bir saat davam edən aksiya sona çatıb. Amma sakinlər növbəti günlərdə aksiyaların bərpa olunacağı barədə xəbərdarlıq da ediblər....
Modern.az