Xəbər verdiyimiz kimi, III ixtisas qrupu üzrə2 nəfər ən yüksək nəticəni maxsimum - 400 bal toplayıb.
Onlardan biri də Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslan oğludur. O, birinci mərhələsində 290 bal toplayıb.
Modern.az xəbər verir ki, AzEdu.az həmin abituriyentlə təəssüratlarını öyrənmək üçün əlaqə saxlayıb.
Əli, ilk sevincini anası ilə bölüşdüyünü qeyd edib: “Bu nəticəni toplamağı gözləyirdim. İmtahan suallarını əvvəlcədən yoxlamışdım, topladığım bal da hesablamalarımla üst-üstə düşürdü. Şükürlər olsun ki, hər şey gözlədiyimiz kimi oldu.
Ümumilikdə, imtahan zamanı heç bir fəndən çətinlik çəkmədim. Suallar məncə, normal idi. Repetitor yanına da getmişdim, bu da hazırlığıma əlavə dəstək oldu.
Hansı universitetdə təhsil alacağım barədə hələ tam qərar verməmişəm, amma ehtimal ki, ADA və ya BDU olacaq. Hüquqşünaslıq ixtisasını seçmək istəyirəm. Gələcəkdə isə magistratura və doktorantura təhsilimi xaricdə davam etdirməyi düşünürəm. Sonda abituriyentlərə bir tövsiyəm var: Uğurun yeganə yolu çox çalışmaqdır".