“Şagirdlər mart ayında keçirilən buraxılış imtahanından sonra, tədris ilinin sonunadək məktəbə getmələrinə davam etməlidirlər”.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində məlumat deyib.
Məleykə Abbaszadənin sözlərinə görə, attestat yalnız buraxılış imtahanının nəticələri əsasında verilmir. Attestatda ümumilikdə 13-14 fənn üzrə qiymətləndirmə aparılır. Bu fənlərdən yalnız 3-ü buraxılış imtahanında DİM tərəfindən qiymətləndirilir. Digər fənlər üzrə qiymətləndirmə isə məktəbin öz səlahiyyətindədir:
“Mart ayındakı imtahandan sonra şagirdlər məktəbə dərs ilinin sonuna kimi getməlidirlər ki, digər fənlərdən də qiymətləndirmə aparılsın. Bu qiymətləndirməni məktəb özü həyata keçirir. Bu səbəbdən də şagirdlər mütləq şəkildə dərslərdə də iştirak etməlidirlər”.
DİM sədri əlavə edib ki, imtahanlar yalnız bilikləri yox, eyni zamanda, şagirdlərin 11 illik təhsil müddətində qazandığı səriştələri də ölçür:
“2009-cu ildən bütün ölkənin ümumtəhsil məktəblərində yeni kurikulum sisteminə keçilib. Bu sistem Nazirlər Kabineti tərəfindən təsdiqlənib və əsas səriştələrin formalaşmasını nəzərdə tutur. Dövlət İmtahan Mərkəzi də həmin səriştələri qiymətləndirməlidir. Şagirdlərə də məhz bunun əsasında attestat verilir”.