İyunun 11-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi və “Stereohall” konsert mərkəzinin tərəfdaşlığı ilə bu il orta məktəbi müvəffəqiyyətlə bitirən məzun şəhid övladları üçün “Məzun günü” tədbiri təşkil olunub.
Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış nitqində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, qeyd edib ki, “Həyatınızın hər mərhələsində biz sizin yanınızda olmağa davam edəcəyik.”
Modern.az xəbər verir ki, tədbirdə iştirak edən Milli Məclisin deputatları Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Nigar Məmmədova və Tahir Mirkişili çıxışlarında məzun olan gənclərə xoş arzularını çatdıraraq, onların təhsil nailiyyətlərini yüksək qiymətləndiriblər.
Təhsilin İnkişafına Dəstək Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək, şəhid övladlarına göstərilən diqqət və qayğını hər bir vətəndaş üçün mənəvi məsuliyyət adlandırıb.
Daha sonra məzunlar - Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli, Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva və Vətən müharibəsi şəhidi, mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev öz həmyaşıdlarını təbrik ediblər. “Gəlin, bu illərimizi təbəssümlə, gözəl xatırlayaq və hər zaman bir-birimizə dəstək olaq. Hər birimizin yolu uğurlu olsun”.
Tədbir bədii hissə ilə davam edib. Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Miri Yusif, tanınmış müğənnilər Sevinc Ağasıyeva, DJ China və Star Band qrupu öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıblar.