Modern.az

“Son zəng” son deyil, hər şeyin başlanğıcıdır - NAZİR

“Son zəng” son deyil, hər şeyin başlanğıcıdır - NAZİR

Təhsil

14 İyun 2025, 13:18

“Bu gün təkcə bir mərhələnin sonu deyil, həm də yeni həyatınızın başlanğıcıdır. İnanıram ki, məzunluq sizin hər birinizin həyatında mühüm rol oynayacaq. Yəqin ki, illər sonra xatırlayacağınız ən yaddaqalan günlərdən biri məhz bu gün olacaq”.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmruallayev Hacıqabul şəhəri 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseyin “Son zəng” tədbirində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, bu gün ölkədə 113 mindən çox şagird 11-ci sinfi bitirərərək məzun olur: “Bu gün sizin həyatınızın ən yaddaqalan günlərindən biri olacaq. Bu uğurlu gün münasibətilə, ilk növbədə, valideynlərinizi təbrik edim. Çünki hər bir uşağın uğurunun təməlində valideynləri dayanır. Eyni zamanda, müəllimlərinizi, məktəb rəhbərliyini təbrik edirəm. Siz bu məktəb təmir olunduqdan sonra onun ilk birinciləri və bu gün də ilk məzunlarısınız. 11 il ərzində hər birinizin inkişafında rolu olan insanlar sizin müəllimlərinizdir. Ona görə, müəllimlər, sizi də təbrik edirəm!”.

Nazir “Son zəng”lə məzunların həyatında çox vacib bir mərhələnin tamamlandığını xüsusi vurğulayıb: “Məzun olmaq nə deməkdir? “Son zəng” ifadəsində “son” sözü olsa da, amma bəlkə də hər şeyin başlanğıcıdır. Fərqi yoxdur, sizi hansı gələcək gözləyir: bir qisminiz ali təhsil alacaqsınız, bir qisminiz başqa həyat quracaqsınız, fərqli sahələrdə çalışacaqsınız. Bəlkə də həyat sizin heç özünüzün də gözləmədiyi yerlərə aparıb çıxaracaq. Arzu edirəm ki, harada olursunuzsa olun, əsas məsələ budur ki, ölkəmiz, vətənimiz üçün yaxşı işlər görün. Yaxşı iş görmək nə deməkdir? Bu, insanlara, ailənə, çevrənə fayda vermək, cəmiyyətə, vətənə töhfə verməkdir. Sizin hər birinizin biliyi, bacarığı buna imkan verəcək ki, təkcə özünüz üçün yox, başqalarının həyatını da yaxşılaşdıra biləsiniz”. 

Emin Əmrullayev əlavə edib ki, bu il Azərbaycanın böyük zəfərinin – Vətən müharibəsindəki qələbəsinin beşinci ildönümü qeyd edilir: “Bu, Azərbaycanın tarixdə qazandığı ən böyük zəfərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Qarabağda geniş quruculuq işləri aparılır, minlərlə insan doğma torpaqlarına qayıdır, həmçinin Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bəlkə də bir qisminizin gələcək fəaliyyəti məhz bu torpaqlarla, Böyük Qayıdışla bağlı olacaq – ya bir ixtisaslı mütəxəssis kimi, ya da bu sahədə işləyən bir vətəndaş kimi”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU