Modern.az

Xədicə İsmayılova prokurorluqda dindirildi

Xədicə İsmayılova prokurorluqda dindirildi

Təhsil

18 Fevral 2014, 22:33

Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova fevralın 18-də axşam saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Dindirmə zamanı onu vəkil Rəşid Hacılı müşayiət edib. İki saat yarım dindirildikdən sonra jurnalist sərbəst buraxılıb.

X.İsmayılova mediaya açıqlamasında bildirib ki, onu özünün Facebook səhifəsində yaydığı bir sənədə görə dindiriblər.
”Bildirdim ki həmin materialı daha öncə 2011-ci ildə başqa bir Facebook istifadəçisi yayıb. Material mənə ötürülməmişdən əvvəl yayılıb. İstintaq səylərini bundan sonra həmin istiqamətdə davam etdirsin. Əsas məsələ odur ki, mənə cinayət işinin açılması ilə bağlı qərarı göstərmədilər. Bilmədim ki, iş nəyin əsasında açılıb. Söhbət dövlət sirrinin yayılmasından gedirsə, bu, yalnız sənəd həqiqi olduğu təqdirdə baş verə bilər. Cinayət işinin istintaqı zamanı daha çox məlumat əldə edəcəyik. Onda məlum olacaq ki, həmin sənəd həqiqidir, yoxsa yox. Həqiqidirsə, onda MTN-in insanların həyatını pusub sonra onları şantaj etməsi ilə bağlı ayrıca cinayət barədə danışmalı olacağıq».

Dindirilmə iş saatı bitdiyindən yarımçıq qalıb. Dindirilmə fevralın 19-da davam edəcək.

Baş Prokurorluq “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova haqqında cinayət işinin açıldığını bəyan edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Xədicə İsmayılovanın öz Facebook səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar cinayət işi açılıb. Cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi üzrə başlanıb.
Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU