Modern.az

Birinci sinifə gedən 10 şagirddən 3-ü universitetə qəbul olur...

Birinci sinifə gedən 10 şagirddən 3-ü universitetə qəbul olur...

Təhsil

19 İyun 2025, 12:18

Xəbər verdiyimiz kimi, 2024-cü ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 86 836 şagird ərizə verib ki, bu da 2013-cü ildə birinci sinifə gedən 135 min 681 şagirdin təxminən 64 faizini təşkil edir. Bu şagirdlərin 9 min 413-ü orta ixtisas təhsil müəssələrinə, 44 min 471-i isə ali məktəblərə qəbul olunub.

Ümumi göstəricilərə baxdıqda görürük ki, 2013-cü ildə birinci sinifə gedənlərin sadəcə 34,7 faizi ali məktəblərə daxil olub.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil sahələri üzrə ekspert Elmin Nuri qeyd edib ki, məktəb oxuyan hər kəsin universitetə daxil olması fikri düzgün deyil:

“34%-lik göstəricini kifayət qədər qənaətbəxş nəticə hesab edirəm. Təhsildəki əsas problemlərdən biri də əmin olun ki, universitet faktoruna olan yanlış yanaşmamızdır. Təbii ki, ali təhsil fərd üçün xüsusi üstünlükdür, amma o hər şey demək deyil. Ali təhsilin əsas funksiyası fərdin əmək bazarındakı gələcək yerini müəyyənləşdirmək, onu seçdiyi ixtisas əsasında məhz əmək bazarınının tələblərinə uyğun hazırlamaqdır”. 

Universitetlərlə yanaşı peşə təhsil müəssələri də önəmli faktor daşımalıdır

Ekspertin sözlərinə görə insanın əmək bazarında uğurlu olması üçün universitetlərlə yanaşı, peşə təhsil müəssisələri, fərdi öyrənmə kursları, ustad-şagird münasibətləri də önəmlidir:

“Burada hər peşənin spesifik xüsusiyyətləri də nəzərə alınmalıdır. Elə peşə var ki, onun tədrisi və tətbiqi üçün mütləq ali təhsil, eləsi də var ki, ustad-şagird münasibətləri, yaxud, kurs-sertifikat sistemi də bəs edər. Yetər ki, görülən işdə peşə səriştəsi və  keyfiyyət olsun. Bütün bunları nəzərə alaraq, 34%-lik qəbul göstəricisini o qədər də faciə saymaq olmaz”.

Universitetə qəbul olan 34 faiz şəxs iş tapa bilmir

“Faciə əslində başqa motivdədir: həmin 34% tələbənin neçə faizi məhz öz istədikləri ixtisas üzrə təhsil alır? Yaxud, sualı həm də belə qoyaq: həmin tələbələrin neçə faizi gələcəkdə məhz öz ixtisasları üzrə çalışacaqlar? Əmin olun ki, bu sualların cavabı daha ciddi problemlərə işıq açacaq” – deyə E. Nuri bildirib. 

Yaxın gələcəkdə universitetə qəbul yerlərinin artması ilə ali təhsil alanların sayının çoxalacağını vurğulayan təhsil sahələri üzrə ekspert kəmiyyətlə birlikdə keyfiyyətin artacağı məsələsinin önəmli olduğunu bildirib:

“Universitetlərə giriş qapılarını geniş açdıqda, çıxış qapılarını necə edəcəyik? Kəmiyyət göstəricilərin yüksəlməsi həm də keyfiyyət amili ilə paralel şəkildə həyata keçməlidir. Bizdə bu paralellik hələlik mümkün olmayacağı üçün kəmiyyət amilinə problem kimi də baxmamalıyıq.”

Kolleclərə qəbul olanlar bu il 2 qat artacaq

Onu da qeyd edək ki, 2013-cü ildə birinci sinifə gedənlərin 8,3 faizi kollec və texnikumlara, 8,6 faizi peşə məktəblərinə qəbul olunub. Elmin Nurinin sözlərinə görə isə kollec və texnikumlara maraq çoxalsa da, bunun səbəbi subbakalavr kimi universitetə daxil olmaq istəyidir. 

“Bizdə kolleclər xüsusən də son bir neçə ilədək az qala formal xarakter daşıyırdı. Bizdə xüsusən də son 20 ildə kolleclərin əmək bazarına təsir imkanları çox aşağıdır. Hətta peşə təhsil müəssisələri bu göstəricilərinə görə subbakalavr səviyyəsini bir çox hallarda üstələyərdi. Amma artıq bir neçə ildir ki, subbakalavrların orta bal göstəricilərinə görə universitetlərə imtahansız qəbul olunma şanslarının olması kolleclərə marağı xeyli dərəcədə artırdı. İldən ilə də bu maraq artmaqdadır. Əmin olun ki, ötənilki 8,3%-lik göstərici bu il ən azı 2 dəfə arta bilər”. 
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR