Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2016-cı ildə Gəncənin Avropanın gənclər paytaxtı olması şəhərdə önəmli layihələrin həyata keçirilməsi zərurətini yaradıb.
Modern.az-ın məlumatına görə, Elmar Vəliyev qeyd edib ki, artıq Gəncənin qədimliyi qorunmaqla 1000-ə yaxın yeni infrastruktur layihələr hazırlanıb. Carı ildən etibarən bu layihələrin icrasına başlanılacaq. İcra başçısı 2014-cü il ərzində 180 layihənin həyata keçiriləcəyini də bildirib.
Şəhər rəhbəri vurğulayıb ki, önəmli layihələr sırasına Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisi, Gəncə çayının sahilində bulvarın salınması, çayın sahilində 15-ə yaxın 12-16 mərtəbəli yaşayış binalarının tikintisi daxildir.
İcra Hakimiyyətinin başçısı əlavə edib ki, şəhərdə abadlıq işləri çərçivəsində 32 kilometr uzunluğunda olan 30 küçə də yenidən qurulacaq. Əziz Əliyev küçəsi və Atatürk prospektində artıq işlərə başlanılıb.
Modern.az